MÜHARİBƏLƏRİN BAŞLANMASI
Peyğəmbər (s)-ın Əqəbədə Mədinə
əhalisi ilə bağladığı ikinci sazişdən sonra Qüreyşlə müsəlmanlar arasında
münaqişə baş verəcəyi təsəvvür edilirdi.
Onun Yəsribə gəlişindən bir il
keçmişdi ki, bu münaqişələr başlandı. Məkkədən gəlmiş mühacirlər Mədinə
əhalisinin onlara göstərdiyi qonaqpərvərliyə baxmayaraq həmişəlik olaraq orada
qala bilməzdilər. Qeyd etdiyimiz kimi, Mədinə əhalisi əkinçiliklə məşğul
olduqları halda, Məkkəlilər bu peşəyə yiyələnməmişdilər. Onların peşəsi ticarət
və alış-verişdən ibarət idi. Onlar keçmiş peşələrini davam etdirmək üçün bir
tərəfdən Yəsrib Məkkəni əvəz etməli, digər tərəfdən isə Məkkə tacirlərinin
yolunu (ticarət) kəsməli, bununla da Məkkəlilərin ticarət yolunu təhlükə altına
salmalı idilər. Əgər yəsriblilər bu yeniliyi əldə etməsəydilər, məkkəlilər
keçmişdə olduğu kimi çox asanlıqla öz karvanlarını bir tərəfdən Qəzzə və Əqəbə
körfəzinə, digər tərəfdən isə Babül-məndəb və Hind okeanına çatdıraraq hər iki
ticarət yolunu əldə saxlamış olardılar. Əgər iş bununla bitmiş olsaydı, bəlkə də
çox təhlükə hesab olunmazdı. Lakin Məkkəlilər buna da razı deyildilər, onlar
Yəsribi gələcəkdə nəzarətsiz buraxmaq istəmirdilər. Onlar hələ Peyğəmbər (s)
Məkkədə ikən və müsəlmanların sayının az olduğu vaxtda iqtisadi
hegemonluqlarının təhlükə altına düşdüyünü hiss etmişdilər. İndi isə lazımi
potensiala malik və islamı qəbul etmiş bir şəhər müqabilində təhlükədən necə
amanda qalacaqdılar. Yəsriblilər də çox gözəl bilirdilər ki, Məkkəlilərin
onların şəhərinə göz tikməsinin qarşısını almaq üçün tə’cili tədbirlər görməli
idilər.
Hicrətin ilk ilində Məkkə
karvanları ilə vuruşmaq üçün dəstələr yola düşdü. Əgər Peyğəmbər özü qoşunla
birlikdə bu döyüşlərdə iştirak etsəydi ona “ğəzvə”, yox əgər özü Mədinədə qalıb
düşmən üzərinə qoşun göndərmiş olsaydı o döyüşlər “səriyyə” adlanardı.
İlk ğəzvə hicri tarixi ilə ikinci
il səfər ayında baş verdi ki, o Əbva və ya Vəddan ğəzvəsi adlanıb. Lakin bu
yürüşdə heç bir savaş olmadı. Bundan sonra rəbiul-əvvəl ayında Buvat ğəzvəsi
irəli gəldi ki, yenə hər şey münaqişəsiz qurtardı. Cəmadiul-əvvəl ayında xəbər
yetişdi ki, Qüreyş Əbu Süfyanın rəhbərliyi ilə Məkkədən Şama tərəf yollanır.
Peyğəmbər onlara hücum etmək məqsədi ilə zatul-əşirəyə qədər getdi, lakin karvan
ötüb keçmişdi. İbni Hişam Əmmar Yasərdən nəql edir ki, əşirə ğəzvəsində mən Əli
(ə)-la yoldaş idim. Peyğəmbər (s) ora yetişərək atdan düşdü. Bəni-mudləc
əhalisinin xurma bağında və bulaq başında işləmələri bizim diqqətimizi cəlb etdi.
Əli (ə) mənə dedi: Ey Əmmar, gedək görək onlar nə işlə məşğuldurlar. Biz bir
saat onları seyr etdikdən sonra yuxumuz gəldiyindən elə xurmalıqda yatdıq.
Peyğəmbər (s) bizi tapandan sonra Əli (ə) belə dedi: Əbu Turab qalx ayağa. Çünki
biz quru torpaq üzərində yatmışdıq. Sonra isə belə buyurdu: Sizə ən bədbəxt
adamın kim olduğunu deyimmi? Biri Saleh peyğəmbərin dəvəsinin ayaqlarını
qılıncla üzən, o birisi isə sənin saqqalını al-qana boyayan şəxsdir. Bu ğəzvənin
ardınca bir səriyyə də baş verdi ki, Sə’d ibni Əbi Vəqqas Xərrar adlanan məkana
qədər irəlilədi, lakin o səriyyədə də döyüş olmadı. Zatul-əşirə ğəzvəsindən
sonra Kurz ibni Cabir Fehri Mədinənin qoyun sürüsünə hücum edib oğurluq etmişdi.
Peyğəmbər (s) Mədinədən çıxaraq onun ardınca Bədr yaxınlığında yerləşən Səfəvan
nahiyəsinə qədər gedib çıxdı, lakin artıq Kurz gözdən itmişdi.
Bu ğəzvələrin nəticəsiz olması ona
görə idi ki, Mədinədə olan casuslar Peyğəmbərin niyyətindən xəbər tutaraq, qoşun
yola düşməzdən qabaq özlərini Qüreşy karvanına çatdırır onları üzləşəcəkləri
təhlükədən agah edirdilər. Buna görə də karvan ya yolunu dəyişir ya sür’ətlərini
artırırdılar. Hicri tarixinin ikinci ili rəcəb ayında Peyğəmbər (s) Abdullahh
ibni Cəhşə bir məktub təqdim edərək səkkiz nəfər mühacirlə yola saldı və
tapşırdı ki, iki gün yol getdikdən sonra məktubu açıb oxusun və orada
yazılanlara əməl etsin. İki gün yol getdikdən sonra Abdullahh məktubu açaraq
göstərişi oxudu. Məkkə və Taif arasında yerləşən xurmalığa çatana qədər yol get!
Orada Qüreyşliləri gözlə və onlar barəsində bizə mə’lumat göndər. Abdullahh
onunla birgə gələnlərə verilən əmri çatdırdı, sonra özünün əmrə tabe olacağını
bildirdi. Sonra isə əlavə edərək dedi: Sizlərdən kim şəhid olmaq istəyirsə
gəlsin, ölümdən qorxan hər bir kəs geri dönsün. Onunla gələn şəxslərin hamısı
onun əmrinə tabe oldular. Abdullahh Əmr ibni Xəzrəminin başçılıq etdiyi karvan
ora yetişənə qədər pusquda durdu. Sonra öz adamları ilə birlikdə karvana
qoşularaq yola düşdülər. Karvandakılar elə bildilər ki, bunlar umrə ziyarətinə
gedirlər. Hərəmə az qalmış Abdullahh dedi: Bunlar əgər hərəmə daxil olsalar
haram ayda (rəcəb) onlarla vuruşmaq bu aya olan ehtiramı sındırmaq sayılar, bəs
nə edək? Nəhayətdə karvana hücum edərək onların mallarını və özlərindən də iki
nəfəri əsir götürüb Yəsribə gətirdilər. Ancaq bu döyüş müsəlmanlar üçün ağır
başa gəldi, Abdullahha tə’nə vurdular ki, niyə haram ayda döyüşübdür. Lakin bu
tə’nələr aşağıdakı Qur’an ayəsi nazil olana qədər davam etdi.
(Ya Məhəmməd!) Haram ayda vuruşmaq
haqqında səndən soruşanlara söylə: “O ayda vuruşmaq böyük günahdır, lakin Allah
yolunu (insanların üzünə) qapamaq, onu inkar etmək Mscidül-hərama girməyə mane
olmaq və oradakıları kənara çıxarmaq Allah yolunda daha böyük günahdır. (Din
naminə) fitnə salmaq isə (həmin ayda) vuruşmaqdan daha pisdir.” (Ey mö’minlər!)
onlar (Məkkə müşrikləri) əgər bacarsalar dininizdən döndərənə qədər sizinlə
vuruşmaqda davam edəcəklər.
Bu ayənin nazil olması ilə
müsəlmanlar Abdullahı və onunla gedənləri məzəmmət etməkdən əl çəkdilər.
BƏDR MÜHARİBƏSİ
Elə bu əsnada Peyğəmbərə (s) xəbər
verdilər ki, Əbu Süfyan çoxlu mal ilə yüklənmiş böyük bir karvanla Şamdan
Məkkəyə dönür. Deyilənlərə görə karvanda min dəvə, 500 dinar dəyərində də mal
var imiş. Peyğəmbər 313 nəfərdən ibarət (onun dörddə birini mühacirlər, qalanını
isə ənsar təşkil edirdi) bir qoşunla Məkkə ilə Mədinə yolunun üstündə yerləşən
Bədr quyusu ətrafında pusqu quraraq karvanın yolunu gözləməyə başladılar. Əbu
Süfyan xəbərdar oldu ki, müsəlmanlar pusqu quraraq karvanın yolunu gözləyirlər,
ona görə də bir tərəfdən Məkkəyə xəbər yollayıb yardım istədi, digər tərəfdən
isə yolu dəyişərək karvanı sağ-salamat Məkkəyə çatdırdı. Karvanın təhlükəyə
düşməsi xəbəri Məkkəyə çatınca Əbu Cəhl qəzəblənərək 900 nəfərdən ibarət bir
qoşunla yola düşdü. Yolda təhlükənin sovuşması xəbərini eşitməsinə baxmayaraq
yoluna davam edərək dedi: Gərək Yəsrib camaatına elə bir dərs verəm ki, bir də
belə özbaşınalıq etməsinlər. Müsəlmanlarla məkkəlilər Bədrdə üzləşdilər, artıq
döyüşün baş tutmayacağı mümkün deyildi. Müsəlmanlar özlərini Bədr quyularına
çatdıraraq onları ələ keçirdilər. Məkkə qoşunu təpənin arxasında gizlənmələrinə
baxmayaraq susuzluqdan məcbur olub oradan üzə çıxdılar. Təkbətək döyüş başlandı.
Məkkəlilər Yəsrib əhalisindən üç qat artıq olmalarına baxmayaraq məğlubiyyətə
uğradılar. Əbu Cəhl və yetmiş nəfər digər Qüreyş başçıları bu döyüşdə həlak
edildi və elə həmin sayda da əsir götürüldü. Müsəlmanlardan yalnız 14 nəfər
şəhid edildi.
Döyüşdə Əmirlə-mö’minin Əli (ə)
Peyğəmbərə (s) göstərdiyi yardımı ilə yanaşı fədakarlığı ilə islam ordusunun
sütunu sayılırdı.
Bu müsəlmanların ilk qələbəsi idi.
Döyüşdən əldə edilən qənimət yetərincə çoxlu idi. Bu müharibə hicri tarixi ilə
ikinci il ramazan ayının 17-də baş vermişdi. Şübhə yoxdur ki, müsəlmanların
müharibədə qələbə çalmalarının əsas səbəbi onların imanı olmuşdu. Lakin bə’zi
avropa tarixçiləri qələbənin əsas səbəbini mədinəlilərin cismi cəhətdən
məkkəlilərdən qüdrətli olmalarında görməsi əsassızdır. Ola bilsin ki, bu da
qalibiyyətdə rol oynasın, ancaq qələbəyə bir başa tə’sir göstərməmişdir.
Bədr döyüşü hərbi qələbədən əlavə
olaraq dini və ruhi cəhətdən Yəsrib əhalisinə böyük tə’sir bağışladı. Onlar başa
düşdülər ki, yalnız islama olan imanla, ilahi yardıma arxalanmaqla belə bir
güclü düşmən üzərində qələbə çalmaq olar. Bu döyüşün mə’nəvi tə’siri o qədər çox
olmuşdu ki, hətta Peyğəmbərin vəfatından sonra da bə’zi alimlər atalarının Bədr
müharibəsində iştirak etmələri ilə fəxr edirdilər. Yəsrib ətrafında yaşayan
qəbilələr Məkkə qoşunundan dəfələrlə az olan müsəlmanların qələbəsini görüb
dedilər: Məhəmməd (s)-a onun Allahı yardım etdi ki, düşmənə qalib gəlsin, onun
dini haqdır. Ancaq digər tərəfdən Qüreyş fikirləşirdi ki, Məhəmməd (s) və
Yəsribi zəif və gücsüz hesab etmək olmaz. Məkkə əhalisindən bu döyüşdə ölənlər
bacarıqlı tacirlər idi ki, şəhərin iqtisadi müqəddəratı onlardan asılı idi.
Qüreyşlilər heç vaxt təsəvvür edə bilməzdilər ki, Əbu Talibin qardaşı oğlu bir
dəstə əkinçinin köməyi ilə onları məğlub edə bilər və onlar başa düşdülər ki,
Peyğəmbərin (s) işi fikirləşdikləri qədər də asan deyil. Onlar Peyğəmbəri məğlub
etmək və ya Yəsribdən qovmaq məqsədi ilə yenidən müharibəyə hazırlaşdılar.
YƏHUDİLƏRLƏ MÜBARİZƏ
Qeyd etdiyimiz kimi, Peyğəmbərin
(s) Yəsribə gəlişindən bir neçə ay keçməmiş yəhudilər müxalifət etməyə
başladılar. Hətta iş o yerə çatdı ki, Qur’an onlara çatdırdı ki: İslam dininin
əsası İbrahim (ə)-ın dinidir və İbrahim nə yəhudi, nə də xaçpərəstdir, bəlkə o,
Hənif müsəlman olub. İslam dini də Hənifdir.
Qiblənin dəyişməsi ilə
(Beytül-müqəddəsdən Məkkəyə tərəf) müsəlmanlarla yəhudilər arasında əlaqə
kəsildi. Bu səbəbə görə onlar bərk narahat olaraq müsəlmanları incitməyə
hazırlaşdılar.
Yəhudilərlə ilk toqquşma Bədr
döyüşündə müsəlmanların qələbəsindən bir neçə həftə sonra baş verdi. Mədinənin
kənarında bəni Qəynuqa’ yəhudilərinin bazarı var idi ki, orada zərgərlik və
dəmirçiliklə məşğul idilər. Yazırlar ki, bir gün ərəb qadını bəni Qəynuqa’
bazarına gedib əşyasını satdıqdan sonra zərgər dükanı qabağında əyləşir.
Yəhudilərdən biri onun paltarının ətəyini bir-birinə bağlayır və qadın ayağa
qalxanda paltarı cırılır, yəhudilər isə ona baxıb gülürlər. Qadın haray salaraq
müsəlmanları köməyə çağırır. Münaqişə baş qaldırır, həmin qadına köməyə gələn
bir müsəlman, yəhudini öldürür. Yəhudilər hiddətlənərək o müsəlmanı öldürürlər
və beləliklə fitnə son həddə çatır. Bu hadisədən sonra Peyğəmbər (s) Qüreyşin
aqibətini yəhudilərə xatırladaraq onları qorxutmaq istəyir və onlara deyir ki,
əgər burada qalmaq istəyiniz varsa gərək təslim olasınız. Bəni Qəynuqa’ tayfası
cavab verdilər ki, Məkkə əhalisinin məğlubiyyəti səni aldatmasın, onlar döyüş
bacarmırdılar. Əgər biz səninlə vuruşsaq öz bacarığımızı sənə göstərərik.
Aşağıdakı ayə həmin yəhudilər haqqında nazil olmuşdur:
(Ya Məhəmməd!) Kafir olanlara de
ki: “Siz tezliklə məğlub olacaq və cəhənnəmə sürüklənəcəksiniz!” Cəhənnəm necə
də pis yerdir!
(Ey Məkkə müşrikləri və yəhudilər!
İki dəstənin (Bədr müharibəsi zamanı) qarşı-qarşıya durması sizin üçün
(Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar,
digəri isə kafirlər idi.
Peyğəmbər (s) məcbur olub onları
mühasirəyə aldı və bu mühasirə on beş gecə-gündüz çəkdi. Onlar təslim olduqdan
sonra Abdullahh ibni Ubəyy israr etdi ki, Peyğəmbər (s) onları öldürməsin.
Peyğəmbər (s) güzəştə gedib onları Şama sürgün etdi. Yəhudilərin bu mühasirəsi
hicrətin ikinci ili Şəvval ayında baş vermişdir. Həmin ilin zil-hiccə ayında
Səviq ğəzvəsi baş verdi. Əbu Süfyan Bədr müharibəsindən sonra Peyğəmbərlə (s)
vuruşmayınca yuyunmayacağına and içmişdi. Öz andına vəfa etmək xatirinə 200 atlı
ilə Mədinəyə yollandı. Lakin bu yürüşdə o yalnız bir-iki nəfəri öldürüb bir neçə
xurmalığı yandıra bildi. Peyğəmbər (s) bir dəstə ilə onun ardınca getdi. Əbu
Süfyan qaçıb oradan çıxdı. Müşriklər döyüşdən qaçan vaxt öz yüklərinin azalması,
həm də onları təqib edənlərin başını qarışdırmaq üçün unla dolu kisələri yerə
tökürdülər. Elə ona görə də bu ğəzvə qovut adlanmışdır. Hicrətin ikinci ilinin
sonunda (Ühüd müharibəsindən əvvəl) bir neçə ğəzvə və səriyyə də baş vermişdir
ki, qısaca onların adını çəkməklə kifayətlənirik: Qərqətul-Kudur, Zi-əmər
ğəzvələri və Qərədə səriyyəsi baş vermişdir. Qərədə səriyyəsində müsəlmanlar
çoxlu sayda qənimət əldə etdilər, belə ki, hər bir nəfərə 800 dirhəm çatdı.
ÜHÜD MÜHARİBƏSİ
Əbu Süfyan Bədr müharibəsindəki
məğlubiyyəti yaddan çıxara bilmirdi, çünki Məkkə əhalisinin nəzərində onun
hökumətinin nüfuzu aşağı düşmüşdü. Həmçinin artıq Suriya və digər bazarlar Məkkə
tacirlərinin əlindən çıxmışdı. Əbu Süfyan böyük səylə çalışaraq qəbilələr
arasında ittifaq yaradıb üç min kişi, iki yüz atlı və min dəvədən ibarət olan
bir qoşun toplayaraq Mədinəyə tərəf yollandı. Qoşunun gəlişi xəbəri Peyğəmbərə
yetişdi. Cümə günü məsciddə döyüş üçün şura təşkil etdi. Bu şurada Abdullah ibni
Ubəyy də iştirak edirdi. Peyğəmbər müsəlmanlardan nə etmək barəsində sual etdi.
Təcrübəli və yaşlı olan bir dəstə adam dedi ki, müharibəni şəhərin daxilinə
çəkərək müdafiə olunaq. Lakin əksəriyyəti çılğın cavanlardan ibarət olan o biri
dəstə şəhərdən çıxıb düşmənə hücum etmək təklifini irəli sürdülər. Abdullah da
birinci dəstədən idi. Sonda çoxluq təşkil edən ikinci dəstənin təklifi qəbul
olundu. Peyğəmbər (s) yaraqlanaraq şəhərdən çıxmaq üçün hazırlaşdı. Amma
cavanlar Peyğəmbərin onların təklifini qəbul etməsinə peşiman olaraq dedilər ki,
biz öz təklifimizi geri götürürük. Peyğəmbər (s) gördü ki, qəti qərar çıxarmaq
rəhbər və başçının vəzifələrindəndir və hər anda yeni bir qərar qəbul etmək
olmaz. Ona görə dedi: “Müharibə zamanı əyninə geyinmiş döyüş paltarını yenidən
çıxarmaq Peyğəmbərə yaramaz.” Məkkə qoşunu özünü Zil-huləyfəyə yetirərək oradan
Yəsribin şimalına hərəkət edib Ühüd dağı ətrafında yerləşdilər. Bu yürüşdə
Peyğəmbərin (s) qoşunu 1000 nəfərdən ibarət idi. Müharibə başlandı, əvvəl
Abdullah e’tiraz əlaməti olaraq 300 nəfərlik dəstə ilə geri dönərək belə dedi:
Məhəmməd (s) bizim təklifimizə əhəmiyyət verməyərək uşaqların sözünü qəbul etdi.
Aşağıdakı ayə Abdullahın vəsfi haqda nazil olmuşdur:
*******Və münafiqləri onlardan
fərqləndirsin. Onlara gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə dayanın!
(Düşmənin hücumunu dəf edin!) –deyirdi. Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin
ardınızca gələrdik”-deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə
yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirdilər.
Abdullah öz dəstəsi ilə Peyğəmbərin
qoşunundan ayrıldıqdan sonra yalnız 700 nəfər qaldı ki, onların nə dəvəsi, nə də
atı var idi. Qoşun bölünüb mövqe tutduğu zaman Peyğəmbər ox atanların başçısı
Abdullah ibni Cubeyrə dedi: Gözdə-qulaqda ol ki, düşmən arxadan bizə hücum
etməsin. Döyüşdə bizim üstün olub-olmamağımızdan asılı olmayaraq sən öz durduğun
mövqeni tərk etmə. İlk hücumda müsəlmanlar düşməni geriyə oturtdular. Lakin
düşmən süvarilərinin irəliləməsinin qarşısını almaq vəzifəsinə götürmüş ox
atanlar, qəniməti toplamaq ehtirası ilə öz mövqelərini tərk etdilər. Xalid ibni
Vəlidin başçılıq etdiyi düşmən atlıları gözlənilmədən hücuma keçərək
müsəlmanları məğlub etdilər. Bu müharibədə Peyğəmbər yaralandı, əmisi Həmzə isə
vəhşi qul Cubeyr ibni Mutim tərəfindən şəhid edildi. Əbu Süfyan ucadan qışqırdı
“Hubəl (büt adıdır, ucadır.” Peyğəbmər (s) durduğu mövqedən dedi: Ona cavab
verin ki, “Cəlal sahibi və uca yalnız Allahdır.” Peyğəmbər dişinə və alnına
dəyən zərbədən müşriklərin müsəlmanlar qarşısında qazdıqları qalaya düşmüşdü. Bu
zaman müşriklər şüar verdilər ki, Məhəmməd (s) öldürüldü və müsəlmanlar
dağıldılar. Təbərinin yazdığına görə bir nəfər dağın üstündə dayanaraq dedi:
İndi ki, Məhəmməd (s) öldürüldü, bir nəfəri Abdullah ibni Ubəyyin yanına
göndərək ki, Əbu Süfyandan bizə aman istəsin. Ey camaat, necə ki ölməyibsiniz
evlərinizə dönün. Ancaq bu anda Ənəs ibni Nəzr ucadan dedi: Ey camaat, Məhəmməd
(s) ölmüşsə də Məhəmmədin Allahı sağdır. İlahi! Mən bunların dediyi sözə görə
üzr istəyirəm. Sonra isə düşmən üzərinə hücuma keçdi. Nəhayət o ağır vəziyyətdə
Əli (ə) Peyğəmbərin əlindən tutaraq qaldırdı və Təlhət ibni Ubeydullah yaralı
olmasına baxmayaraq onu çiyninə alıb yuxarı qaldırdı ki, müsəlmanlar onun
ölmədiyini görsünlər. Əli (ə) Peyğəmbərin önündə dayanaraq yaxına gələni ya
uzaqlaşdırır, ya da öldürürdü. Nəhayətdə müsəlmanlardan bir dəstə adam geri
dönüb Peyğəmbərin ətrafına toplaşdılar və qoşun yenidən təşkil oldu. Əbu Süfyan
döyüşdə qalib gəlməsinə baxmayaraq, Mədinəyə hücum etmədən geri döndü, ancaq söz
verdi ki, bir ildən sonra yenidən Bədrdə görüşəcək. Görəsən niyə Əbu Süfyan
Mədinəni ələ keçirməkdən vaz keçdi, bu ancaq qeybdən olan köməklik vasitəsi ilə
ola bilərdi. Allah-təala onun ürəyinə qorxu saldı ki, Mədinə şəhərini mühasirə
etməkdən yayınsın.
Bə’zi Avropa şərqşünasları deyirlər
ki, Əbu Süfyan lazımi təchizatı olmadığından Mədinə şəhərini mühasirəyə almadı,
lakin bu heç də düzgün izah deyildir. Düzgünü budur ki, Qur’ana istinad edərək
deyək ki, Allah onların ürəyinə qorxu saldı.
Ühüd müharibəsi üçüncü hicri ili
Şəvval ayında baş vermişdir. Müharibədən bir gün sonra Peyğəmbər əhaliyə
düşmənin ardınca getməyi əmr etdi. Bundan məqsəd o idi ki, düşmən güman etməsin
ki, qoşun tamamilə dağılıb. Hər halda Məkkəlilər bu döyüşdən lazımi nəticəni
əldə edə bilmədilər. Birincisi müsəlmanların verdiyi itkiləri də nəzərə alsaq
bərabər səviyyədə idi. Hər iki tərəf iki müharibənin nəticəsində bərabər itki
vermişdilər ki, qəbilə adət-ən’ənlərinə görə Məkkə Mədinəylə müqayisədə
üstünlüyə malik deyildi. Bundan əlavə müşriklər söz verdikləri kimi (onlar söz
vermişdilər ki, Mədinə əhalisinə elə bir dərs verəcəklər ki, bir də özbaşınalıq
etməsinlər) Yəsrib şəhərinə ziyan vura bilmədilər. Deyilənlərə görə Əbu Süfyan
məkkəlilərin ilk hücumda geri çəkilib qaçmalarını bir növ döyüş taktikası
adlandırmış, amma ikinci dəfə geri çəkilib getmələrini isə düşməni çaşdırmaq
üçün etdiyini iddia etmişdi. Hər halda belə böyük qələbədən sonra Əbu Süfyanın
geri qayıtmasında məqsədəuyğunluq görünmür. Yalnız bir şey demək olar, Allah
onun ürəyinə qorxu, vəlvələ saldı ki, Mədinə şəhərinə toxunmadan geri dönsün.
Ühüd müharibəsində müsəlmanlar
məğlub olsalar da, bu döyüş böyük mə’nəvi dəyərlərlə nəticələndi. “Ali-imran”
surəsinin bə’zi ayələrini oxuduqda bu dəyərlər aydınlaşır. Siz Bədr
müharibəsində zəif idiniz, Allah sizə yardımçı oldu. Allah sizə yardım
edəcəkdir. Əgər sizə zərər dəymişsə, düşməniniz də ziyan görmüşdür. Məgər siz
Allah yolunda ölmək (şəhid olmaq) istəmirsinizmi, indi öz arzunuza çatdınız.
Bu səmavi nəsihətlər müsəlmanlara
xatırlatdı ki, onlar Bədr müharibəsində xalis niyyətlə vuruşduqları üçün Allah
onlara yardım etmişdir. Ancaq bu döyüşdə Peyğəmbərin (s) əmrindən çıxaraq
qənimət və dünya malı dalınca getdikləri üçün məğlub oldular.
Ühüd müharibəsində itkilərlə yanaşı
ictimai problemlər də meydana çıxdı. Bir çox arvad və uşaq başsız qaldılar.
“Nisa” surəsinin əvvəlində görürük ki, müsəlmanlara 4 qadın almaq icazəsi
verilir. Və onlara tövsiyə olunur ki, yetimlərə qəyyumluq edib mallarını
qorusunlar və ona əl uzatmasınlar.
FİTNƏKARLAR
Ühüd şəhidləri barəsində nazil olan
Qur’an ayələri ürəyi dağlı ailələrə təskinlik verdi və həmçinin müsəlmanların
Peyğəmbərə olan imanları sayəsində Allah və din yolunda verdikləri qurbanları öz
ailələri üçün fəxr hesab edirdilər. Lakin bununla yanaşı, Mədinədə işin sona
yetəcəyini gözləyən münafiqlər də yaşayırdı. Müsəlmanların bu məğlubiyyətindən
sonra onlar fitnəkarlıqlarını aşkar etmək üçün fürsət əldə etmişdilər. Bədr
müharibəsindəki qələbədən sonra müsəlmanlarla saziş bağlamış qəbilələr tərəddüd
keçirirdilər və Yəsrib ətrafında məskunlaşmış islam düşmənləri də bu
məğlubiyyətdən istifadə etmək fikrinə düşmüşdülər.
ƏBU SƏLƏMƏ SƏRİYYƏSİ
Bu səriyyə haqda Vaqidən (tarixçi)
“Məğazi”də (kitab adıdır) yazmışdır. Bu əhvalat qısaca olaraq belədir ki,
Peyğəmbər (s) Əbu Sələməyə dedi: Bəni Əsəd Mədinəyə hücum etmək qəsdindədir,
onlar gəlməmiş sən gərək onlara hücum edəsən! Onunla birgə 150 nəfər yola
salaraq onlara təqvalı olmalarını tövsiyə etdi.
Bu dəstə düşmən xəbərdar olmasın
deyə gecələr yol gedib gündüzlər gizlənməli idilər. Əbu Sələmə verilən göstərişə
əməl edərək Nəcd ərazisində yerləşən Qətan dağına yetişdikdə düşmənin qaçıb
ketdiyindən xəbərdar oldu. Əbu Sələmə qənimət əldə edərək Yəsribə döndü.
Məğlubiyyətdən sonrakı bu qələbə müsəlmanların mövqeyini münafiq və yəhudilərin
nəzərində dəyişdirdi. Onlar artıq bildilər ki, Peyğəmbər və onun silahdaşları
hələ təsəvvür etdikləri kimi zəifləməyibdir.
RƏCİ’ VƏ BE’R MƏUNƏYƏ
HAZIRLIQ
Ühüd müharibəsindən sonra baş
vermiş bu iki hadisə müsəlmanlara böyük zərbə vurdu və münafiqləri fəallaşdırdı.
Rəci’ hadisəsi belə baş vermişdir ki, Əzəl və Qarə qəbiləsindən bir neçə nəfər
Peyğəməbərin yanına gələrək onların tayfasından bir dəstə adamın müsəlman
olduğunu dedilər. Onlar dedilər: Biz bir neçə nəfər istəyirik ki, onlardan dini
hökmələri öyrənək. Peyğəmbər (s) 6 nəfər müsəlmanı oraya yolladı. Onlar Hicaz
ərazisindəki bəni Huzeylə məxsus olan Rəci’ su hövzəsinə yetişdikdə müsəlmanlara
hücum etdilər. Müsəlmanlar Huzeylə qəbiləsindən kömək istədilər, lakin heç kəs
onlara yardım etmədi. Müşriklər altı nəfər müsəlmandan dördünü öldürərək ikisini
əsir götürüb özləri ilə Məkkəyə apardılar. Məkkəlilər Bədr müharibəsində
ölənlərin əvəzini çıxmaq üçün o iki nəfəri qətlə yetirdilər.
Be’r Məunə hadisəsi Rəci’
hadisəsindən daha ürək ağrıdıcı olmuşdur. Bəni Amir qəbiləsindən bir dəstə adam
Peyğəmbərin (s) yanına gəlib Nəcd əhalisinin müsəlman olması ümidi ilə öz
səhabələrindən bir neçəsini oraya göndərməyini istədilər. Peyğəmbər (s) dedi:
Mən qorxuram ki, Nəcd əhalisi müsəlman olmasın. Bu dəstənin rəhbəri Əbu Bəra
dedi: Nəcdə gedən hər bir şəxsə mən cavabdehəm. Peyğəmbər (s) 40 nəfər seçilmiş
müsəlmanı onunla göndərdi. Bu dəstə bəni Amirlə bəni Suləym arasında yerləşən
Be’r Məunəyə yetişdilər, bir qasidlə Peyğəmbərin (s) yazdığı məktubu Amir ibni
Tüffeylin yanına göndərdilər. O, məktubu oxumadan qasidi öldürdü. Bu zaman o
bəni Amir qəbiləsinin bu dəstəyə hücum etməsini istədi, lakin onlar qəbul
etmədilər. Amir bəni Suləym qəbiləsindən yardım istədikdə isə onlar qəbul
etdilər. Bu hadisədə Kə’b ibni Zeyddən savayı bütün müsəlmanlar həlak edildi. Bu
dəstənin arxasınca gələn iki nəfər o yerə çatdıqda öldürülənləri görüb
qatillərlə vuruşmağa başladılar. O iki nəfərdən birini öldürüb o birisinə isə
dağ basıb buraxdılar. O şəxs Əmr ibni Üməyy idi ki, Mədinəyə dönəndə bəni
Amirdən iki nəfəri də qətlə yetirdi.
Be’r Məunə hadisəsi Peyğəmbərə (s)
çox tə’sir etmişdi. Tarixçilər bu hadisə haqda yalnız qısa mə’lumat vermişlər və
onu doğuran səbəblərə isə toxunmamışlar. Görünür Ühüd müharibəsindəki
müsəlmanların məğlubiyyətindən bir az sonra baş vermiş bu iki hadisə ona görə
olmuşdur ki, Mədinə ətrafında, Hicaz və Məkkə ətrafında yaşayan qəbilələrin
Qüreyşlə gizli əlaqələri olmuşdur. Onlar fikirləşirdilər ki, belə işləri
görməklə Peyğəmbəri (s) və müsəlmanları zəiflədib Qüreyşi özlərindən razı sala
bilərlər. Buna dəlil isə Rəci’ hadisəsində əsir götürdükləri iki nəfəri öz
qəbilələrinə deyil, birbaşa Məkkəyə aparıb Qureyşə təslim etmələridir.
BƏNİ NƏZİR YƏHUDİLƏRİNİN
KÖÇÜRÜLMƏSİ
Be’r Məunə hadisəsində sağ qalmış
Əmr ibni Üməyyə bəni Amirdən iki nəfəri qətlə yetirməsi yeni çətinliklər
yaratdı. Bəni Amir Peyğəmbərlə (s) bağladıqları sazişə əsasən o iki nəfərin qan
pulunu tələb etdilər. Bəni Nəzir yəhudilərinin bəni Amirlə sazişləri olduğundan
Peyğəmbər (s) onlardan bu məsələdə vasitəçilik etməsini istədi. Bu bəni Nəzir
yəhudilərinin müsəlmanlar qarşısında olan niyyətlərini aşkar etmək üçün çox
münasib fürsət idi. Rəci’ və Be’r Məunə hadisələrindən sonra yəhudilər
fəallaşaraq əks təbliğata başlayıb deyirdilər: Allahın göndərdiyi Peyğəmbər (s)
belə məğlubiyyətə uğramaz.
Peyğəmbər (s) onların yanına gedib
vasitəçilik etmələrini istədikdə dedilər ki, sənə köməklik edəcəyik. Lakin onlar
gizlində məşvərət etdilər ki, bundan münasib fürsət ələ düşməyəcək. Peyğəmbər
(s) divarın kənarında dayandığı zaman bir nəfər göndərdilər ki, damdan onun
başına bir daş salsın. Peyğəmbər (s) onların niyyətindən agah olub Mədinəyə
dönərək bu qəbiləni Mədinədən çıxarmaq qərarına gəlir. Bəni Nəzir qəbiləsinin
mühasirəsi 6 gün çəkdi, nəhayət onlar təslim oldular. Onlardan ikisi müsəlman
olaraq öz mallarına sahib oldular, lakin yerdə qalanların hamısı öz
əmlaklarından məhrum oldular. Peyğəmbər (s) onları Suriyada yerləşən Əzrua’t
adlı əraziyə sürgün etdi. İbni Hişamın dediyinə görə şərabın haram olması haqda
hökm bu dövrdə nazil oldu.
ĞƏTƏFANLA MÜHARİBƏ
Hicrətin dördüncü ili
Cəmadiul-əvvəl ayında Peyğəmbər (s) Əbuzər Ğəffarini Mədinədə öz yerinə tə’yin
edib qoşunla birgə bəni Müharib və bəni Sə’ləbə tayfasının üzərinə yürüş etdi.
Ğətəfan qəbiləsindən olan bu iki tayfa Nəcddə məskunlaşmışdılar. Müsəlmanlar
düşmənlə üz-üzə gəldilər, lakin döyüş baş tutmadı və onlar düşmənin hiyləsindən
ehtiyat edərək xovf namazı qıldılar (Döyüş vaxtı düşmən qorxusundan 4 rük’ətli
namazın əvəzinə 2 rük’ət namaz qılınmasına – xovf namazı deyilir). Şə’ban ayında
Peyğəmbər (s) Ühüd müharibəsində Əbu Süfyanla gəldiyi qərara əsasən müharibə
etmək üçün Bədrə gəldi. Əbu Süfyan öz qoşunu ilə Məkkədən çıxaraq gəldiyi zaman
yolda peşiman olub geri dönür. Hicri tarixinin beşinci ilində Dumətul-cəndəl və
bəni Əl-müstələq ğəzvələri də oldu. Dumətul-cəndəl ğəzvəsində döyüş olmasa belə,
digər cəhətdən çox mühüm sayılırdı.
Ühüd müharibəsindəki məğlubiyyətdən
sonra bu ilk ğəzvədə (Dumətul-cəndəl) hərbi nizam-intizam gözə çarpırdı.
Bildiyiniz kimi, bu yer Suriyanın yaxınlığında yerləşən ərazidir ki, oradan
Dəməşqə 5 günlük yoldur. İsti ayda bir belə məsafəni qət etmək elə bir şey
deyildi ki, qəbilələrin nəzərindən qaçsın. Onlar fikirləşirdilər ki, artıq
Qüreyşdən qorxmaq lazım deyil. Digər tərəfdən müsəlmanların dalbadal qələbələri
bəni Nəzir yəhudilərini sürgün etmələri, çoxlu sayda qənimət əldə etmələri, ən
əsası isə Dumətul-cəndəl ğəzvəsində Peyğəmbər (s)-ın hərbi qüdrət nümayiş
etdirməsi Qüreyşi narahat və nigaran etmişdi. Onların ticarəti sarsılmış, yetmiş
nəfərdən artıq böyük adamları həlak olmuşdu. Ən əsası isə Məkkə başçıları
arasında ixtilaf meydana gəlmişdi.