Mədinə şəhəri islam Peyğəmbəri (s)
oraya köçdükdən sonra islam hökumətinin paytaxtına çevrilmişdi. Ora Peyğəmbər
(s)-dan sonra hicri tarixinin 35-ci ilinədək xilafət mərkəzi olmuş və
xəlifələrin üçü də bu şəhərdə yaşamışdır. Əli (ə) paytaxtı və hökuməti Kufəyə
köçürməsinə baxmayaraq Mədinə yenə də öz dini və elmi rövnəqini əldən verməmişdi.
Mühacir və ənsardan olan bir dəstə, böyük şəxsiyyətlər orada yaşayaraq
dünyalarını dəyişmiş və onlardan sonra övladaları onların yerini tutmuşdular.
Hicrətin ilk çağlarında təqva və pərhizkarlıq dalğası şəhəri bürümüş və az-çox
hələ də davam etməkdə idi.
Yezid bu camaatı tanımalı, öz
rəftarlarına fikir verməli idi. Lakin o, belə etmədi. Deyəsən elə bu günlər idi
ki, meymuna paltar geyindirib ulağa otuzduraraq atlarla yarışa göndərmişdi. Hər
halda bu hadisə onun başıboşluğunu çatdırır. Məs’udinin yazdığına görə Yezidin
yaramaz bir meymunu var idi, şərab içən zaman saraya daxil olaraq balışa
söykənərdi. Bu meymunun da əhilləşdirilmiş bir vəhşi ulağı var idi. Günlərin bir
günündə meymunu ulağa mindirib atlarla yarışa çıxmağa göndərdi və o atları
ötərək müsabiqənin qalibi oldu. Şam şairlərindən birinin yazdığı şe’rin məzmunu
belədir:
Əbu Qeys, ulağın
noxtasından bərk tut
Çünki onun üstündən
yıxılsan ona heç bir cərimə yoxdur.
Kim indiyəcən görüb ki,
vəhşi bir ulaq
Meymunu əmirəl-mö’minin
atlarından qabağa salmış olsun.
Deyilənlərə görə bu şe’rləri Yezid
özü yazıb, bəlkə də bu ehtimal doğrudur, çünki Ğərsün-nə’mə ibni Hübeyrə ilə
Ziyad ibni Ubeydi Harisi arasındakı baş vermiş danışığa həsr etdiyi hekayənin
sonunda belə yazır:
Ziyad deyir: Mərvanın yanına
gedərkən o, məndən soruşdu ki, səninlə ibni Hübeyrə arasındakı danışığın məzmunu
nədən ibarət idi? Cavab verdim ki, görəsən meymunun ləqəbi Əbu Qeysdir, yoxsa Əl-yəmən.
Mərvan gülərək dedi: Doğrudur, məgər əmirəl-mö’minin “Əbu Qeys, ulağın noxtasını
möhkəm tut” deməyibmi.
Yezid Mədinədən gəlmiş
nümayəndələrə hörmət göstərib onlara saysız-hesabsız hədiyyələr bağışladı. Hətta
onlardan birinə (Munzər ibni Zübeyrə) yüz min dirhəm verdi. Lakin onun
ləyaqətsizliyi və alçaq tərbiyəsi qonaqlara gizlin qalmadı. Onlar öz şəhərlərinə
qayıtdıqdan sonra Peyğəmbər məscidində fəryad edərək Yezid haqda yaramaz sözlər
danışmağa başladılar. Və onlar “biz dini olmayan, şərab içən, it oynadan,
gecələri kənizlər və musiqiçilərlə keçirən bir şəxsin yanından gəlirik” dedilər.
Sizi şahid tutaraq onu xilafətdən azad etdik (yə’ni xəlifə hesab etmirik).
Şəhər əhalisi Abdullah ibni Hənzələ
(mələklər vasitəsilə yuyulan) ilə bey’ət edərək bəni Uməyyədən olan min nəfəri
ilk olaraq Mərvan ibni Həkəmin evində mühasirəyə aldılar sonradan onları
şəhərdən qovdular. Bu çətin və ağır günlərdə Mərvan Abdullah ibni Ömərin yanına
gedib onun ailəsini öz yanında saxlamasını istədi, ancaq Abdullah qəbul etmədi.
Mərvan onun himayəsindən mə’yus olaraq Əli ibni Hüseyn (ə)-ın yanına gedib ona
dedi ki, mənim də ailəm sənin ailənlə bir yerdə olsun. Əli ibni Hüseyn (ə) onun
xahişini özünəməxsus bir böyüklüklə qəbul edib Mərvanın yaxın adamlarını özünün
xanımı və övladı ilə birgə Yənbu’ adlı bir yerə göndərdi. Mərvan daim bu
yaxşılıqdan razılıq edirdi. Lakin Təbəri yazır ki:
Əli ibni Hüseyn (ə)-la Mərvanın
qədimdən dostluq əlaqələri var idi, ancaq bu sözün heç bir əsası yoxdur. Mərvan
heç bir zaman Bəni Haşimlə xoş rəftar etməmişdir. Deməli onunla Əli ibni Hüseyn
(ə) arasında dostluq münasibəti olmamışdır. Təbəri Haşimi ailəsinin malik
olduqları səxavətə göz yumaraq onu yalnız şəxsi dostluqla əlaqələndirmək
istəmişdir.
Mədinə əhalisinin iğtişaş xəbəri
Yezidə çataraq onu həddən artıq hiddətləndirir. İlk olaraq bu şəhərin və
Məkkənin işini Zübeyrin oğlu Abdullaha, qiyamı yatırtmaq məsələsini də
Ubeydullah ibni Ziyada tapşırmaq istəyir, ancaq Ubeydullah qəbul eməyib dedi:
Bir fasiqdən ötrü Hüseynin qətlini və Kə’bə evinin ehtiramsızlığını öz üzərimə
götürə bilmərəm.
Əgər bu sözlər özgələrinin deyil,
həqiqətən Ubeydullahın öz dedikləri olmuş olsa, onda demək lazımdır ki, o,
Yezidə nisbətən uzaq görən olub. Çünki o, bilirdi ki, Süfyani ailəsinin
hakimiyyəti artıq sona yetməkdədir, hər halda o, heç də günahdan qorxan adam
deyildi. Yezid bu tapşırıqı Əmr ibni Səidin – Mədinənin keçmiş hakiminin
öhdəsinə qoymaq istədi, lakin o da qəbul etməyib belə dedi: Mən əlimi Qüreyşin
qanına batırmaq istəmirəm, bu işi qoy yad bir adam öz üzərinə götürsün.
Yezid çarəsizlikdən qoca və
xəstəlikdən yataqda yatan Müslim ibni Uqbəni qoşunla birgə Mədinəyə yolladı.
Müslim şəhəri mühasirəyə alıb Hərrə Vaqim tərəfdən şəhərə daxil olub əhaliyə üç
gün möhlət verəcəyini söylədi. Əlavə olaraq dedi: Əgər təslim olsanız buradan
birbaşa Məkkəyə, Zübeyrin oğlunun üzərinə gedəcəm, yox əgər təslim olmasanız
məni üzürlü hesab edin.
Şəhər əhalisi müqavimət göstərsə də
nəhayət məğlub edilərək təslim oldular. Müslim şəhəri üç günlüyə qan içən Şam
ordusunun ixtiyarına qoydu ki, ürəkləri nə istəsə onu da etsinlər.
Allah bilir neçə dindar və təqvalı
kişilər öldürülüb, neçə qadın və qızlara təcavüz edilib saysız-hesabsız
hörmətsizliklər olundu! Bu faciədən yalnız bir şey anlaşılır ki, bu yürüşdə həm
göstəriş verənlər, həm də icra edənlər islam fiqhindən xəbərsiz idilər, mə’lumatları
olan şeylərə də biganə yanaşırdılar. Hər iki halda bu nəticəyə gəlmək olar ki,
islam onlar üçün ilahi hökmləri icra etmək deyil, öz qüdrətlərini qorumaq üçün
bir alətə çevrilmişdi. Təəccüblü burasıdır ki, Mədinə faciəsi sona yetdikdən
sonra Müslim dedi: İlahi, Sənin təkliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə
verdiyim şəhadətdən sonra Mədinə əhalisinin qırğınına səbəb olan işdən başqa heç
bir işi sevmirəm və qiyamətdə bu işin müqabilində veriləcək əvəzdən başqa heç
bir işin savabına göz dikməmişəm.
Bilmirəm bu sözləri o şəxsən özü
deyib, yoxsa Əməviləri gözdən salmaq üçün Abbasilər dövründə yaşamış tarixçilər
yazıblar. Həqiqətən bu sözlər onundursa (özünün deməsi də mümkündür) görəsən bu
şəxs həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verməyini dilə gətirməklə
yanaşı müsəlmanların kütləvi surətdə qırılmasını necə bir yerə sığışdıra bilib?
Görəsən Yezidin əmrinə tabe olmaq hər hansı şəriət hökmünün yerinə yetirilməsinə,
başqa bir hökmün isə ləğv olunmasına səbəb ola bilərmi?
Bu yaramaz hadisə
hicrətin 62-ci ilində baş vermişdir. O, Yezidə göstərdiyi bu “xidmətə” görə
tarixdə “müsrif” ləqəbi almışdır.
Nəhayət şəhərin yerdə
qalan əhalisini toplayıb onlara, ölüm və ya şərtsiz olaraq Yezidə qul olmaq
ixtiyarını verdi. Bir neçə nəfər onun bu şərtini qəbul etməyib öldürüldülər,
başqaları isə onunla bey’ət etdilər.
İmam Əli ibni Hüseyn
(ə) bu hadisələrdə sağ qaldı. Bir tərəfdən onun bu iğtişaşda əli olmamış, digər
tərəfdən isə, hadisələrin başlanğıcında Mərvan ibni Həkəm onun yanına gedib
ailəsini qorumağı xahiş etmiş, İmam da onun xahişini böyük bir mərdanəliklə
qəbul edib onları Yənbuya göndərmişdi.
Hərrə hadisəsində Əli
ibni Hüseyn (ə) Əbd Mənaf sülaləsindən olan 400 ailəni öz himayəsinə götürmüş,
Müslim Mədinədən çıxana qədər onların xərcini ödəmişdi.
İslam dünyasında misli
görünməmiş belə bir hadisə, yə’ni kişi və qadınların kütləvi surətdə öldürülməsi,
müsəlmanların toxunulmazlığının tapdalanması şəhər əhalisində böyük bir
dəyişikliyə səbəb oldu. Dini qayda-qanuna və islam əxlaqına əhəmiyyət verməyən
dövlətlilər şərab içməyə və musiqiyə qulaq asmağa üz tuturdular. Demək olar ki,
onlar bu haram işləri daxili əzabdan qurtarmaq və ətraflarında baş verən
hadisələrdən xəbərsiz olmaq üçün edirdilər.
KƏ’BƏNİN VİRAN
EDİLMƏSİ
Mədinə hadisəsindən
sonra Müslim Zübeyrin oğlu Abdullahı məhv etmək üçün Məkkəyə yollandı. Lakin o,
yolda vəfat etdi və Hisəyn ibni Numeyr qoşuna rəhbərlik etməyi öz üzərinə
götürdü. Hisəyn Məkkəni mühasirəyə aldı. Mühasirədə Kə’bə evini od bürüdü. Bu
yanğının baş verməsini müxtəlif səbəblərlə əlaqələndirirlər. Məkkə mühasirə
günlərini yaşadığı zaman Yezidin ölüm xəbəri çatdı. Şam qoşunun başçısı kim üçün
vuruşacağını bilməyib Zübeyrin oğluna xəbər yetirdi ki, onun bey’ətini qəbul
edir, ancaq o, onunla birgə Məkkədən Şama getməlidir. Əgər hakimiyyəti
möhkəmlənsə onunla işim yoxdur, yox əgər belə olmazsa elə oradaca Şam əhalsinin
köməyi ilə onun işini bitirəcək. Abdullah bəlkə də xilafət mərkəzinin Şamda
qalmasına görə onun də’vətini qəbul etmədi və Hisəynin qoşunu Mədinədə yaşayan
Əməvilərlə birgə Şama qayıtdı.
Yezid hicrətin 64-cü
ili Rəbiül-əvvəl ayında 38 yaşında ikən öldü. Onun hakimiyyəti dövründə Səlm
ibni Ziyad Səmərqəndə və Xocəndə qədər irəlilədi, qərbdə də müsəlmanların
fəthləri davam edirdi.
Yezid öldükdən sonra
şamlılar onun oğlu Müaviyə ilə bey’ət etdilər. Müaviyənin hökuməti 40 gündən
artıq sürmədi, çünki o, evdə oturmağı xilafətdən üstün sayırdı. O, xütbəsinin
birində Müaviyə və atası Yezidin rəftarını pisləmiş, daha sonra ağlayaraq belə
demişdi: “İstədiyiniz şəxsi özünüzə xəlifə seçin.” Bu xütbədən sonra evə dönüb,
əhalidən özünü gizlətdi. Elə həmin il də öldü və ya zəhər verilərək öldürüldü.
Yezidin ölümü ilə
Ərəbistanda iğtişaşlar baş qaldırdı. Ötən fəsildən də göründüyü kimi, Müaviyə
ölən zaman Şamda sakitlik hökm sürdüyü halda Hicazda nigarançılıq mövcud idi.
Yezidin isə əleyhinə yalnız İraq qalxmışdı. Lakin Yezidin ölümündən sonra
Hicazda və Şamda da vəziyyət dəyişdi. Hər üç əyalətin narazı təbəqəsi ayağa
qalxdı. Hər əyalətin öz istəyi var idi, qiyamçı dəstələr öz gizlin istəklərini
üzə çıxarmırdı. İndi də Şam və Hicazdan qabaq yenidən İraqdakı vəziyyəti
araşdıraq.
İRAQDA PEŞİMAN OLANLAR
Göründüyü kimi,
şamlıların iraqlılara bir-başa zərbəsini, üzərlərindəki qələbələrini və sonuncu
məğlubiyyəti nəzərə alsaq onların nə dərəcədə peşiman olmaları mə’lum olar.
Çünki onlar böyük rəğbət və tə’kidlə imam Hüseyn (ə)-ı çağırıb onun canişinini
məhəbbət və həyacanla qəbul etdikdən sonra onu düşmənlə döyüşdə tək qoydular və
ən başlıcası isə İraqın Şam qarşısında xar olması bu ölkənin əhalisinin daxili
hisslərində nigarançılıq yaratmışdı. Kufə əhalisi Yezidin ölüm xəbərini eşidən
kimi təzə nəfəs almaq üçün fəaliyyət göstərməyə başladı. Onların içərisindən
şəxsən İmamı də’vət edən və onu düşmənlə döyüşdə yalqız qoyanlar böyük günah
etdiklərini anlayırdılar. Ancaq bu günahı necə yumaq olardı?!
Xuzaə qövmündən olub
şiələrin ağsaqqalı sayılan Süleyman ibni Sərd dedi: Biz bu günah vasitəsi ilə
Allahı qəzəbləndirmişik. Heç kəs Allahı razı salmamış öz arvad-uşağının yanına
dönməsin. Biz Musa (ə)-ın xitab etdiyi bəni İsrail qövmindən də pis olmuşuq:
“Ey qövmüm, siz buzova
sitayiş etməklə, həqiqətən özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf
üz tutaraq tövbə edin, özünüzü (buzovu tanrı bilən adamlarınızı) öldürün! Belə
etməniz yaradanızın yanında sizin üçün xeyirlidir!”
Təbərinin və
başqalarının yazdığına əsasən qiyam məsələsinə dair peşiman olanlar içərisində
Süleymanla digərləri arasında ixtilaf meydana gəldi. Süleyman deyirdi ki, Şama
gedib imam Hüseyn (ə)-ın qatili olan Ubeydullah ibni Ziyadı öldürmək lazımdır.
Başqaları isə Hüseyn (ə)-ın qatillərinin Kufədə yaşadığını deyib, ilk növbədə
onların öldürülməsini istəyirdilər. Süleyman imam Hüseyn (ə)-ın intiqamını almaq
fəryadı ilə car çəkərək öz adamlarını başına toplayan zaman on altı min nəfərlik
qoşundan yalnız dörd min adam onun ətrafına yığışmışdı.
Əbu Mihnəfdən nəql
olunur ki, o, bunun səbəbini soruşduqda dedilər: Sənin köməkçilərinin bir
dəstəsini Muxtar öz ətrafına toplamışdır.
Süleyman Əynülvərdəyə
qədər irəlilədi Mərvan ibni Həkəm Ubeydullah ibni Ziyadı onunla döyüşə göndərib
dedi: Əgər İraqı əldə etsən oranın hakimi olacaqsan.
Süleyman Ziyadın oğlu
ilə döyüşdə məğlub oldu, peşimanlıq çəkənlər bu dəfə də bir nəticə əldə edə
bilmədilər (65-ci il Cəmadiul-əvvəl ayı).
Bu hadisələr zamanı
bir nəfər şiə məşhurlaşdı və öz adını islam tarixində əbədi olaraq səbt etdi.
ƏBU UBEYDƏ SƏQƏFİNİN
OĞLU MUXTAR
Muxtar, qoşun imam
Həsən (ə) üzərinə hücum edərkən yaralanmış, sonra isə Mədain şəhərinin hakimi,
yə’ni əmisinin evinə getmişdi. Yezidin xilafəti zamanı Kufənin hakimi Ubeydullah
ibni Ziyad onu Müslim ibni Əqillə əlbir olduğuna görə zindana salmışdı. Lakin
çox keçmədən onun bacısını almış Abdullah ibni Ömərin vasitəçiliyi ilə zindandan
azad edilib Taifə sürgün olunmuşdu. Yezidin ölümündən və Zübeyrin oğlu
Abdullahın qiymından sonra onunla bey’ət etmişdi. Bu zaman İraqda vəziyyət yeni
bir partlayış həddində idi, bir tərəfdən rəhbərlik, digər tərəfdən isə
Əhli-beytin qatillərindən intiqam almaq iddiasında olan Muxtar Kufəyə gəldi.
Şiələri ətrafına toplayıb onlara dedi: Süleyman nə siyasi cəhətdən, nə də
müharibə etmək baxımından düzgün fikrə malik deyildi və elə buna görə də məğlub
oldu. Həmçinin onlara dedi ki, hər şeydən əvvəl imam Hüseyn (ə)-ın qatillərini
aradan götürmək lazımdır.
Bildiyiniz kimi,
bütövlükdə iraqlılar xüsusilə də qiyamçılar bu dövrdə peyğəmbər ailəsinə mənsub
olan bir rəhbərə ehtiyaclı idilər. Muxtar öz mövqeyini möhkəmləndirmək üçün
əvvəlcə Əli ibni Hüseyn (ə)-dan qoşun toplamaq və bu qiyamı onun adı ilə
bağlamaq üçün rüxsət istədi. Ancaq Əli ibni Hüseyn (ə) onun bu də’vətini qəbul
etməsə də, zahirən atasının və qohum-əqrəbasının qatillərini
cəzalandırılmasından razılıq hissi keçirirdi. Muxtar Əli ibni Hüseyn (ə)-dan
müsbət cavab almadıqda öz də’vətini Məhəmməd ibni Hənəfiyyənin adı ilə
bağlayaraq onu ümmətin Mehdisi adlandırdı. Məhəmməd Hənəfiyyənin imamətinə boyun
qoyanlar Kisaniyyə adı ilə məşhurlaşmışlar.
Kisaniyyə məzhəbi bu
tarixdən meydana çıxmış və şiə tarixində çoxlu sayda tərəfdarları olmuşdur.
“Kisan” nə deməkdir və hansı mə’nanı daşıyır? Mə’lum deyil “kəyyis” – zirəng və
ya qəddar sözündən düzəlmiş sifətdir, yoxsa Muxtara verilən ali – Əli (ə)-ın
qullqçusu deməkdir. Qeyd edildiyinə görə Əli (ə) Muxtarı dizi üzərində oturdaraq
ona kəyyis, yə’ni zirəng (bacarıqlı) dediyinə görə o bu ləqəblə adlandırılmışdır.
Mə’lumdur ki, bu fərziyyənin heç bir əsası yoxdur. Hər halda Muxtar haqqında bir
çox nəzər və rə’ylər mövcuddur, belə ki, şiə alimləri onun barəsində eyni
fikirdə deyillər. Dövrün son şiə alimləri onun həddən artıq mədh (tə’rif)
etmişlər. “Əl-ğədir” kitabının müəllifi onun tə’rifində 21 kitab və məcmuə
yazıldığını qeyd etmiş, həçminin onun şə’ninə yazılmış qəsidələri də sitat
olaraq gətirmişdir. Muxtarı yüksək dəyərləndirənlər onun Abdullah ibni Zübeyrlə
etdiyi sazişdə uzaqgörən olması ilə əlaqələndirir, həmçinin qiyam etməsinin
peyğəmbər ailəsinə bəslədiyi məhəbbətdən irəli gəldiyini hesab edirlər. Bu gün
onun məzarı Kufə məscidinin şərq tərəfində yerləşən bir ziyarətgaha çevrilib.
Bunula belə demək olmaz ki, o, rəhbərlik iddiasında olmayıbdır. Deyilənlərə görə
o, xalqı öz tərəfinə çəkib əldə saxlamaq üçün bir sıra heyrətdoğurucu işlər
görərmiş. Təbəri və ibni Əsir öz istinadlarına əsasən yazırlar ki, Tüfeyl ibni
Cə’də ibni Hübeyrə deyir: Mən ağır bir sıxıntı içərisində həyat sürdüyüm halda
yağ alveri ilə məşğul olan qonşumun yanına getdim. Orada toz-torpaqlı bir kürsü
gördüm və onu qonşumadan alıb təmizlədim. Öz-özümə dedim: Bəlkə Muxtarı aldada
bilib ondan bir şey qoprtdım. Onun yanına gedərək dedim: Mənim illər boyu səndən
gizli saxladığım bir sirrim var. Əli (ə)-ın Kufə məscidində üzərində əyləşərək
xalq arasında hökm etdiyi kürsü məndədir. Muxtar dedi: Sübhanallah, belə böyük
bir işi bu günə qədər necə olub ki, məndən gizlətmisən? Sonra əmr edir ki, xalqı
məscidə çağırsınlar. Camaat toplaşdıqdan sonra Muxtar dedi: Camaat sizdən
əvvəlki ümmətlərdə olan hər bir şey sizdə də mövcuddur. Bu kürsü sizin üçün bəni
İsrailin Səkinə tabutu kimidir. Əgər bu kürsü qoşunun önündə olsa düşmənə məğlub
olmayacaqsınız.
Allah bilir bu
əfsanələri Zübeyrin oğlu Abdullahın tərəfdarları, ya da xalqın ona olan
məhəbbətini qırmaq istəyən düşmənlər söyləyib.
Dəfələrlə qeyd
etdiyimiz kimi, hicri tarixinin birinci və ikinci əsrinə aid olan tarixi
rəvayətləri yalnız qəti sənədlər əldə etməklə qəbul etmək olar. Belə olmayan
halda onlara şübhə ilə yanaşmaq lazımdır. Çünki hər əsrdə olduğu kimi, o illərdə
də işlərin irəliləməsi üçün iftira, töhmət və yalançı hədislər ən çox yayılmış
vəsitələrdən sayılırdı.
Hər halda Muxtar
şiələri ətrafına toplayaraq ilk növbədə Kufəni ələ keçirdi, sonra isə
hakimiyyətini Mosula qədər genişləndirdi. İmam Hüseyn (ə)-ın qatillərini bir-bir
tapıb öldürdü. O cümlədən Ubeydullah ibni Ziyad, Ömər ibni Sə’d, Şimr, Xuli və
başqalarını da qətlə yetirdi.
Muxtar özündən əvvəlki
hakimlərdən fərqli olaraq şəhərin böyük adamlarından və qəbilə başçılarından
deyil, bu illər ərzində İraqda qüdrətlənmiş, bir çox ictimai problemlər meydana
çıxarmış, islam dinini yeni qəbul etmiş camaatdan köməklik diləyərək onları
ətrafına toplayır və qüdrət sahiblərinə qələbə və’dəsini verirdi. Onun bu addımı
Kufə ağsaqqalları arasında narahatçılığa səbəb oldu və ona qarşı ürəklərində
kin-küdurət hissi oyatdı. Mus’əb ibni Zübeyr qardaşı Abdullah tərəfindən
Muxtarın qoşununu darmadağın etmək üçün İraqa üz tutanda bu adamlar ona yardımçı
oldular.
Muxtarın qoşunu
Zübeyrin oğlu ilə döyüşməyə başlasa da sonda məğlub oldu və Muxtar da 67-ci
hicri ilində öldürüldü
Göründüyü kimi, şiələr
bu dəfə də bir nəticə əldə edə bilmədilər. Onların məğlubiyyətinin əsas səbəbini
ötən qiyamlarda da gördük. Həmişə kiçik bir dəstə Allahın razılığına görə ayağa
qalxmır, başqa dəstələr isə öz siyasi amallarına çatmaq üçün onların arxasında
dayanırdılar. Onlar da təhlükəyə düçar olmayacaqları ana qədər müqavimət
göstərirdilər. İş çətinliyə düşdükdə isə ya kənara çəkilir, ya da qəti qələbə
əldə edən dəstəyə birləşirdilər. Allah razılığını əldə etmək istəyən və dinin
adını yüksəltməkdən başqa bir şey güdməyən iman sahiblərini ölümə verirdilər.
İslam tarixi və
xüsusilə də hicrətin birinci yüz illiyinin tarixi ilə tanışlığı olanlar yəqin
ki, Şəbəs ibni Rəbə’inin adını eşitmişlər. Şəbəs siyasətçilərin ən kamil
nümunəsi, tam dəqiqliyi ilə desək o dövrün nəbzini tutan şəxslərdən olmuşdur. O,
bəni Təmim tayfasından, Muzəri ərəblərindən və peyğəmbər dövrünü yaxşı görmüş
adamlardan idi. O, Peyğəmbər (s)-ın həyatının son dövrlərində, Əbu Bəkrin
xilafətinin ilk çağlarında, Səcahın peyğəmbərlik iddiası etdiyi və Əbu Bəkrin
dindən çıxmışlara qarşı mübarizə apardığı zamanda müsəlmanların cərgəsinə
qoşulmuşdu. O, həmçinin Osmanın evini mühasirəyə alan iğtşaşçıların arasında
olmuş, Süffeyn döyüşündə Əli (ə)-ın dəstəsinə qoşulmuşdu. Müaviyənin ölümündən
sonra imam Hüseyn (ə)-a məktub yazıb də’vət edənlərdən biri də Şəbəs idi. Sonra
o, Ömər ibni Sə’din qoşunu ilə Kərbəlaya gəldi və imam Hüseyn (ə)-ın qətlə
yetirilməsində iştirak etdiyinə görə Kufə şəhərinin darğası vəzifəsinə
yiyələndi. Muxtar Hüseyn (ə)-ın intiqamını almaq üçün qiyam edəndə Şəbəs də ona
qoşuldu. Lakin Mus’əb Muxtarla müharibəyə gələn zaman o, yenidən Muxtara düşmən
kəsilir və müxalif dəstənin cərgəsinə qoşulur.
Bu illər ərzində öz
əqidə və siyasəti yolunda mütəşəkkil surətdə çalışan demək olar ki, yalnız
Xəvaric olmuşdur. İraqda hakimiyyət zəifləyən dövrlərdə onlar öz hərəkatlarını
genişləndirərək Bəsrəyə, cənub-şərqi İraqdan Xuzistana, Bəhreynə, Yəmənə və
Həzrə-mauta qədər yayılmışlar.
İraqdakı siyasi durum
haqda qısa da olsa mə’lumat verdikdən sonra Hicaz və Şam haqqında da söhbət
açacağıq.
Ərəbistanın islamdan
əvvəlki tarixi haqda mə’luamt verən zaman qeyd etdik ki, bu ərazinin əhalisi
ayrı-ayrı qəbilə və tayfalara bölünmələrinə baxmayaraq, onlar əsasən iki dəstəyə
- cənub ərəbi, şimal ərəbi və ya Qəhtani və Ədnani dəstələrinə bölünmüşlər.
Qəhtanilər yarmadanın cənub üçbucağında yaşayır, Ədnanilər isə şimal və səhrada
məskunlaşmışdılar.
Qeyd etdiyimiz kimi,
islamın zühurundan bir çox əsrlər əvvəl su səddinin dağılması və digər səbəblər
üzündən cənubdakı ictimai həyat bir-birinə dəymişdi. Bu ərazidən bir çox
dəstələr şimala tərəf üz tutaraq yaşayışları üçün münasib hesab etdikləri
yerlərdə məskunlaşmışlar. Su quyuları və kəhrizləri olmasına görə Yəsribi özləri
üçün yaşayış yeri seçənlər də elə bu dəstə, yə’ni cənub ərəbləri olmuşlar.
Göründüyü kimi, islama
də’vət ilk olaraq Məkkədə başlamışdı. Şəhərin hakimiyyəti tacirlərin və Ədnani
ağsaqqallarının əlində idi. Sevimli Peyğəmbərimiz 13 il bu camaatın müxlifəti
ilə üzləşmiş və sonda Yəsrib əhalisi saziş imzalayıb onu öz şəhərlərinə də’vət
etmişlər. Elə bu tarixdən Yəsrib camaatı ənsar ləqəbini almış, Məkkədən Yəsribə
gələnlər isə mühacir adlanmışlar. Mühacirlərin əksəriyyəti Ədnani tayfasından və
ya şimal ərəblərindən ibarət olmuşdur. Məkkəni tərk edib Yəsribdə məksunlaşmış
bir dəstə camaat bir tərəfdən islam dininin tərbiyəsinə görə, digər tərəfdən də
hicrətin ilk aylarında Peyğəmbər (s)-ın onların arasında bağlamış olduğu
qardaşlıq müqaviləsinə əsasən uzun illərdən bəri bu iki dəstə (Ədnani, Qəhtani)
arasında mövcud olan kin-küdurət və düşmənçilik sakitləşdi. Ancaq
nəsildən-nəsilə irs olaraq ötürülən və yüz illər boyu davam edən bu
düşmənçiliyin birdən-birə məhv olub getməsi heç də mümkün olmazdı. İslam
tarixinə diqqətlə nəzər saldıqda görərik ki, hətta Peyğəmbər (s)-ın sağlığında
belə, onlardan bə’ziləri münasib fürsət düşdükcə öz üstünlüklərini gözə soxur və
biri digərindən intiqam almaq hissi ilə yaşayırdı. Məkkənin fəthi günü Xəzrəc
qəbiləsinin rəhbəri Sə’d ibni Ubadə öz camaatının önündə irəliləyərək uca səslə
belə deyərdi: Bu gün qanlar tökülməli, bütün hörmət və ehtiram sındırılmalıdır.
O, təsəvvür edirdi ki, bu gün Qəhtanilər Ədnanilərdən öz intiqamını almalıdır.
Lakin Peyğəmbər (s) Əli (ə)-a buyurdu: Get bayrağı Sə’din əlindən al və onun
nalayiq sözlər söyləməsinə mane ol! Bu gün mərhəmət günüdür.
Peyğəmbər (s) zamanı
Ərəbistanın son daxili döyüşü olan Hüneyn müharibəsindən sonra o həzrətin nüfuzu
bir neçə il müsəlmanlar üzərində genişlənmişdi. Sevimli Peyğəmbərin vəfatından
sonra onun vəsiyyətinə diqqət yetirilsəydi, Əmirəl-mö’minin Əli (ə) xəlifə
olmaqla peyğəmbər sünnəsini diri saxlayar, keçmiş nəsil öz yerini yeni nəslə
verər və ən azı üç nəsil müsəlman əxlaqı ilə tərbiyələnərdi. İctimai ədalət,
dini qardaşlıq və islam tə’limləri sayəsində bu kin-küdurət və düşmənçiliyin
kökü quruyardı. Ancaq təəssüflər olsun ki, dağınıq halda yaşayan qəbilələr
kin-küdurəti kənara qoyub bir-birlərilə döyüşdüklərinin lüzumsuz olduğunu və
Mədinədə tə’sis edilmiş ilahi hökumətə itaət etməyi anladıqları zaman sevimli
Peyğəmbərimiz öz Rəbbinə qovuşdu (vəfat etdi). Peyğəmbər (s)-ın bədəni hələ
torpağa tapşırılmamış ənsar mühacirlər müqabilində, daha doğrusu Qəhtanilərlə
Ədnanilər qarşı-qarşıya gəldilər. Xəzrəc tayfasının başçısı müsəlmanlara rəhbər
olmaq üçün özünü namizəd kimi irəli sürmüşdü, lakin o, mühacirlərin öhdəsindən
gələ bilməyəcəyini gördükdə isə belə dedi: Sizdən bir əmir və bizdən də bir əmir
tə’yin olunsun. Bununla da yenidən baş verə biləcək iğtişaşın qarşısı alındı və
Əbu Bəkrin Peyğəmbərdən söylədiyi hədis ənsarı geri çəkilməyə məcbur etdi.
Qeyd etdiyimiz kimi,
Əbu Bəkrin xilafəti zamanı bir tərəfdən müsəlmanlar dindən çıxmışları
yatırtmaqla məşğul idilər, digər tərəfdən isə hökumət hələ inzibati
təşkilatçılığa malik olmadığından və ya başqa sözlə desək, dövlətin icra
orqanlarının gəliri olmadığından bu iki dəstə arasında çox nadir hallarda
münaqişə baş verməsinə rast gəlinir. Ömərin xilafəti dövründə dövlətin ordu
başçıları böyük şəhərləri əldə saxlamaqla, müharibədən əldə edilən qənimətlərin,
vergilərin, İran və Rumdan alınan cizyələrin sayəsində ümumi xəzinənin gəlirini
daha da artırdılar. Lakin xəlifə özünün sərt siyasəti nəticəsində hər iki dəstə
arasında bərabərliyi müəyyən qədər tarazlaşdıra bilirdi. Əgər bir şəhərdə hakim
Ədnanilərdən olurdusa, digər bir şəhərin hakimiyyəti Qəhtanilərə tapşırılırdı.
Lakin Səqifə macərasından hələ 25 il ötməmiş Muzərilər – yə’ni Qüreyşlilər
nəinki böyük işləri ələ keçirirdilər, hətta ümumi gəlirin hamısı birbaşa onların
cibinə axırdı. Mərvan ibni Həkəm, Müaviyə, Təlhə, Zübeyr, Əbdürrəhman ibni Ouf,
Yə’li ibni Üməyyə və digərləri hər birisi ayrı-ayrılıqda o günün pulu desək
milyonlarla dirhəm və dinar toplamışdılar. Lakin bu üstünlüyə qane olmayıb yenə
də mümkün qədər Qəhtaniləri hər şeydən məhrum etmək üçün səy göstərirdilər.
Hər şeyi inhisara
almaları və mal-dövlət toplamaları nəticəsində kin-küdurətlər yenidən baş
qaldırmağa başladı və Qəhtanilərlə Ədnanilər yenidən üz-üzə dayandılar. Hicrətin
36-cı ilindən üzü bəri bu düşmənçilik daha da artmağa başladı. Ziyad Əli (ə)-ın
tərəfindən Bəsrəyə gedən gündən ona tərəfdar olan Əzd və Təmim tayfası ilə
üz-üzə dayandı. Əzd tayfasından olan şair özünün qəhrəmanlıq dastanında öyünərək
yazır: “Ziyada yardımçı olduğumuz halda həmpeymanımız Təmim tayfası alışıb odda
yandı.” Bu şe’rdə və buna bənzər başqa şe’rlərdə islam qardaşlığına və ya
müsəlmanların imamına itaət edilməsinə dair mövzuya toxunulmur. Artıq söhbət
bundan getmir ki, hakim müsəlmanların imamının əmri ilə o şəhərə gəlmişdir və
müsəlmanlar da onu qarşılamalıdırlar. Söz yalnız Əzd tayfasının Təmim tayfasına
qalib gəlməsindən gedirdi.
Bu iki tirəlik
ancaq adını dəyişib, Qəhtani və Ədnani, Yəmani və Qeysi, Mə’əddi və Muzəri,
Təmim və Əzdi, Qeysi və Kəlbi formalarına düşərək əsrlər boyu davam etmişdir. Bu
iki dəstə arasında baş verən döyüş İspaniyadan tutmuş şimali Afrikaya qədər,
Siciliya və Aralıq dənizindəki adalardan tutmuş başdan-başa Suriya, Hicaz, İraq
və İrana qədər yayılmışdır. Bir çox münaqişələr, o cümlədən bir xəlifəni taxtan
salıb yerinə başqa bir xəlifənin əyləşməsi də belə qəbilələr arasında baş vermiş
çəkişmələrdən törənmişdir.