MƏRVANİLƏR
Mə’lum olduğu kimi, Müaviyənin
ölümündən sonra Abdullah ibni Zübeyr Məkkəyə gedərək orada özünü xəlifə e’lan
etdi. Abdullah Qüreyşdən, Ədnani tayfasından, yə’ni şimal ərəblərindən idi.
Digər tərəfdən də bildiyiniz kimi, Müaviyənin Məysun adlı bir arvadı var idi ki,
Kəlb qəbiləsindən olan Bəcdəl ibni Uneyfin qızı və Yezidin anasıdır. Həmçinin bu
da aydındır ki, Kəlb qəbiləsi Qəhtani, yə’ni cənub ərəblərindəndir. Yezidin az
sürən xilafəti dövründə və ölümündən sonra xəlifə ilə qohumluq əlaqələri olan
Kəlbilər get-gedə hakimiyyəti ələ keçirərək Qeysiləri siyasət meydanından
kənarlaşdırdılar. Ərəb zərbül-məsəllərində rast gəldiyimiz. “Hims şəhərində
Qeysdən də səviyyəsiz insan” ifadəsi çox ehtimal ki, o günlərin yadigarıdır.
Qəhtanilərin belə kobudluğu heç də Ədnani tayfasının xoşuna gəlmədi. Müaviyə və
Yezidin xilafəti zamanı Şamın bütün şiələrini idarə edən Zəhhak ibni Qeys
Muzərilərin tərəfini saxlayaraq camaatı Abdullah ibni Zübeyrin tərəfinə də’vət
edərək onu Dəməşqdə xəlifə e’lan etdi.
Abdullahın fəaliyyəti o həddə qədər
genişləndi ki, Hicazda, Misirdə və İraqda onun xilafətini qəbul etdilər. Lakin
bunula yanaşı Kəlbilər də sakit oturmayıb, Əməvilərdən olan bir dəstə adam
Cabiyədə bir yerə yığışıb Mərvan ibni Həkəmi xəlifə adlandırdılar. Yezidin oğlu
kiçik olsa da, Xalidi ona vəliəhd tə’yin etdilər. Bu seçki vasitəsilə mə’lum idi
ki, yenidən Qeysi və Kəlbi arasında münaqişə baş qaldırmalıdır.
Mərvan Kəlbi tayfasından olan
tərəfdarları ilə birgə Dəməşqə tərəf üz tutdu. Zəhhak ibni Qeys onunla mübarizə
etmək üçün ayağa qalxdı və hicrətin 64-cü ili Mərc-rahit adlı yerdə iki qoşun
arasında döyüş başlandı. Böyük itkilərlə nəticələnən 20 günlük savaşdan sonra
Kəlbilər qələbə çalaraq Mərvanı xəlifə kimi tanıdılar. Hər iki tayfanın şairləri
bu münaqişəyə aid şe’r və qəhrəmanlıq dastanları qoşdular ki, oxucuya islamdan
əvvəlki qəbilələr arasındakı münaqişələri xatırladır.
Mərvan 64-cü il Ziqə’də ayında
xəlifə oldu və qərara alındı ki, ondan sonra Xalid ibni Yezid, ondan sonra isə
Əmr ibni Səid ibni As xəlifə olsunlar.
Mərvanın iş başına gəlməsi ilə
Üməyyə ailəsindən olan yeni bir sülalənin, yə’ni Mərvanilərin hakimiyyəti
başlandı. Doğurudur ki, bu mübarizədə Kəlbilər qalib gəldilər, ancaq bundan
sonra hər iki sülalə arasındakı düşmənçilik daha da artdı. Çünki hər qəbilənin
öz ayininə əsasən qanı qanla yumaq bir adətdir. Mərc-rahit döyüşündə Qeysilər
Abullah ibni Zübeyrə tərəfdar çıxsalar da, bu döyüşdən sonra Qeysi və Yəmani
qruplaşmasının başdan-başa Əməvilər xilafətini bürüdüyünü görürük.
Mərvan bütövlükdə Şamı alaraq
Misirə yollandı, orada qayda-qanun bərpa etdikdən sonra Şama dönərək Yezidin
oğlu Xalidi vəliəhdlikdən kənar edib öz oğlu Əbdülməliki, onun ardınca başqa bir
oğlu Əbdüləzizi özünə vəliəhd tə’yin etdi. Mərvanın bu hərəkəti Əməviləri çox
narahat etdi. Belə ki, yazırlar Xalidin anası onu boğub öldürdü. (hicri 65-ci il
Ramazan ayı). Mərvan öldükdən sonra özünün vəsiyyətinə əsasən 39 yaşlı
Əbdülməlik xilafətə yetişdi. Əbdülməlik siyasi və ictimai durumun çox kəskin bir
anında hakimiyyətə gəlmişdi. Çünki o zaman Abdullah ibni Zübeyr Məkkədə özünü
xəlifə e’lan edib Hicazı xilafətin mərkəzi tə’yin etmiş, nüfuzunu İraqa və şərqə
qədər genişləndirmişdi. Xəvaric şəhərlərdə qiyam edərək gediş-gəliş yollarını
təhlükə altına salmışdı. Ərəbistanın daxili vəziyyətindən istifadə edən Rum
imperatorluğu isə Şama tərəf qoşun yolladı.
Əbdülməlik ilk növbədə Rum
imperatorluğu ilə saziş bağlayıb böyük məbləğdə vergi verəcəyini öhdəsinə
götürdü. Xarici düşməndən arxayın olduqdan sonra Zübeyrin oğlu Abdullahı aradan
aparamaq üçün hazırlıq gördü. Hicaza qarşı mübarizə aparmaq üçün hər iki yoldan,
həm siyasi, həm də hərbi taktikadan istifadə etdi. Hacılar Abdullahın təbliğinin
tə’siri altına düşüb Şamda onun də’vətini yaymasınlar deyə, həcc ziyarətinin
qarşısını aldı.
Yə’qubi yazır: “Camaat
şikayətlənərək dedilər ki, nəyə görə həcc ziyarətinə getməyə qoymursan?
Əbdülməlik dedi: İbni Şəhab Zöhri peyğəmbərdən hədis nəql edir ki, gərək üç
məscidin ziyarətinə gedilməsin - Məscidül-həram, mənim məscidim (məscidün-nəbi)
və bir də Beytül-müqəddəs məscidi. Bu gün sizin Beytül-müqəddəsə getməniz eyni
ilə Məscidül-həramı ziyarət etməyinizə bərabərdir. Və ibni Şəhab yenə deyir:
Yəhudilərin üzərində qurbanlıq kəsdikləri qayalıq, me’rac gecəsi Peyğəmbərin
ayaq qoyduğu daşdır.
Əbdülməlikin göstərişi ilə bu daşın
ətrafında iri günbəzi olan bir bina tikərək üzərini ipək parça ilə örtdülər.
Oraya qulluqçular tə’yin edib camaatı onun ətrafına dolanmağa məcbur etdilər. Bu
adət bəni Üməyyə hakimiyyətinin bütün dövrlərində davam etdirildi.
Əbdülməlik Məkkə və Mədinəni
camaatın gözündən salıb, Şamı müsəlmanların nəzərində Allahın müqəddəs evi kimi
cilvələndirmək istəyirdi. Özündən sonrakı bə’zi hakimlər də onun yolunu davam
etdirmişlər. O, bu əsnada İraqa bir qoşun göndərdi ki, Kufə və Bəsrəyə hakim
olan Zübeyrin oğlu Mus’əbin hakimiyyətini devirsin. Digər tərəfdən isə İraqı bir
dəstə qəbilə başçılarına və’də verməklə özünə tərəf çəkdi. Nəhayət Mus’əb
öldürüldü, qoşun dağıldı və bununla da İraqın işi sona yetdi. İndi isə qarşıda
Hicaz məsələsi dururdu. Əbdülməlik Həccac ibni Yusifi oraya göndərdi.
Həccac Məkkəni mühasirəyə alıb
mancalaqla daş atəşinə tutdu və Kə’bə evini darmadağın etdi. Bu mübarizədə
Abdullahın tərəfdarları dağıldılar, ancaq Abdullah özü ölüm anına qədər döyüşdən
qaçmadı. Onu öldürməklə Əbdülməlikin sonuncu rəqibi, deyilənlərə görə təqvalı və
pərhizkar bir şəxs məhv edildi. (Hicri 73-cü il). Həccacın göstərişi ilə onun
cəsədini dar ağacından asdılar. Həccac bu mə’muriyyəti zamanı əlindən gələn hər
bir ləyaqətsizliyə əl atdı. Kə’bə evini dağıtdı, peyğəmbərin məscidinə,
minbərinə və qəbrinə ehtiramsızlıq etdi, bundan əlavə peyğəmbər səhabələrinin
bir dəstəsini, o cümlədən Cabir ibni Abdullah Ənsarini, Ənəs ibni Maliki, Səhl
Saidini və başqalarını xar etmək üçün boyunlarının ardına damğa vurdu. Bəhanəsi
də bu oldu ki, guya siz Osmanın qatillərisiniz. O, Mədinə şəhərini tərk edərkən
belə demişdi: “Şükr olsun Allaha ki, bu diyardan gedirəm. Bu şəhər hər bir
yerdən olduqca murdar, əhalisi isə bütün camaatdan olduqca yaramaz və əmirəl-mö’mininə
qarşı hiyləgərdir. Bu şəhərdə bir neçə taxta qırıntısı vardır ki, ona peyğəmbər
minbəri deyirlər və bir neçə çürük sümükləri də ziyarət edib ona sığınırlar.”
HƏCCAC KUFƏDƏ
Bu mə’muriyyətdən sonra Əbdülməlik
dərk etdi ki, iraqlıları öz yerində oturtmağa gücü çata bilən şəxs yalnız Həccac
ola bilər. Hicrətin 75-ci ili İraqın və şərq əyalətlərinin bir hissəsinin
hakimiyyətini Həccaca tapşırdı. O, Kufəyə gələn zaman xəlifə tərəfindən
göndərilmiş hakim tək davranmadı, bəlkə tanınmaz bir nəfər kimi üz-gözü bağlı
halda məscidə daxil oldu. Camaatı yararaq irəli keçib minbərdə əyləşdi. Uzun
müddət bir kəlmə belə söyləmədi. Camaat pıçıldamağa başladı ki, görəsən bu
kimdir. Biri dedi ki, yeni hakimdir.
Onu daş-qalaq edəkmi?
Xeyr, dayan görək bir nə deyir.
Sakitlik yarandıqdan sonra üzünü
açaraq camaatı elə sözlərlə hədələdi ki, onu daş-qalaq etmək istəyənlərin
əlindəki xırda daşlar yerə töküldü. O, xütbəsinin başlanğıcında belə söylədi: Ey
Kufə camaatı! Uzun illərdir ki, iğtişaş və fitnəkarlıqla məşğulsunuz, itaətdən
boyun qaçırmağı özünüzə adət etmisiniz. Mən meyvə kimi yetişmiş başlar görürəm
ki, gərək onları bədəndən ayıram. Mən sizin başınıza o qədər döyəcəyəm ki,
itaətin yolunu tapasınız.
Bu sözlər kufliləri. bütövlükdə
İraq camaatının vəzifəsini, yə’ni nə edəcəklərini dəqiq şəkildə aydınlaşdırdı.
Onlar üçün göndərilmiş hakim özlərinin başa düşəcəkləri tərzdə danışırdı. Həccac
cilddən-cildə girən bu camaatla elə davrandı ki, iyirmi il İraqdan fitnə və
iğtişaşın kökü kəsildi. Xəvaricin başlıca mərkəzinə çevrilmiş Xuzistan və şərq
məntəqəsində dinclik hökm sürdü. Bildiyiniz kimi, belə hökumətin ən başlıca işi
zülm etmək, zindana salmaq, camaatı öldürmək, qorxu və sarsıntı yaratmaq və bir
də əhalini təhlükə altında saxlamaqdan ibarətdir. Həccacın hökuməti dövründə də
camaat ibni Ziyadın hakimiyyətindəki kimi kiçik bir töhmətlə yaxalanıb öldürülür
və yaxud zindana atılırdı. Bə’zi vaxtlar heç bir günahı olmayan və itaətdən
çıxmayan şəxs də tutulub zindana salınırdı.
Aşağıdakı hekayə də o günlərin
zalım hakimlərini tanıtdıran və belə bir hakimiyyət altında ömür sürən xalqın
güzəranını işıqlandıran ən bariz nümunədir.
Həccac “Hud” surəsinin 46-cı
ayəsini oxuyarkən orada yazılmış “əməlün” sözünü necə oxuyacağını bilmədi (ərəb
dilində qarmmatik baxımından). Keşikçilərdən birinə dedi ki, Qur’anı düzgün
oxumağı bacaran bir adam gətir. Keşikçi bir nəfəri tapıb gətirən zaman artıq
Həccac öz yerindən durub getmişdi. Keşikçi onu zindana salmış və sonradan onun
orada olmağını birdəfəlik yadından çıxarmışdı. Altı aydan sonra Həccac həbs
olunanları yoxlayarkən həmin şəxsə çatdıqda soruşdu:
Nə üçün zindana düşübsən?
Nuhun oğluna görə! (həmin ayə
həzrət Nuhun oğlu barəsində idi).
Həccac işin nə yerdə olduğunu
anlayıb tez onun azad edilməsi əmrini verdi.
Onun hakimiyyəti uzandıqca islam
fiqhinə qarşı zidd hərəkət etməsi və dinin əleyhinə çıxması daha da çoxalırdı.
Belə ki, xütbələrinin birində Peyğəmbər məzarını ziyarət edənlərə xitab edərək
deyir:
Belə camaata ölüm olsun! Görəsən
niyə bir parça taxta ilə kiçicik bir təpənin ətrafına dolanırlar? Niyə gedib
əmirəl-mö’minin Əbdülməlikin sarayını təvaf etmirlər? Məgər bilmirlər ki, hər
şəxsin xəlifəsi ona peyğəmbərdən də yaxşıdır?
Başqa hakimlər də ona xəlifə gözü
ilə baxaraq onun hörmətini qazanmaq üçün ona yaltaqlanırdılar.
Həccac başdan-başa İraqda və şərq
bölgəsində vəhşilik siyasəti həyata keçirirdi. Günahsız yerə bir neçə təqvalı
insanları və Kufə böyüklərini qətlə yetirirdi. Xəvaricin iğtişaşını yatıran da o
oldu. O, camaatın ürəyinə elə bir qorxu salmışdı ki, nəinki İraqda, bəlkə
Xuzistan və bütövlükdə şərq bölgəsində sakitlik yaratmışdı. Həccac əlinin
altındakılara qarşı sərt rəftar etsə, də özündən yuxarı olan kəslər qarşısında
zəiflik göstərib yaltaqlanırdı. Necə ki, Əbdülməlikə yazdığı məktubda deyir:
Eşitdiyimə görə əmirəl-mö’minin məclisdə asqıran zaman orada iştirak edənlər ona
“Allah rəhm etsin” demişlər. Ey kaş mən də orada olub bu böyük ne’mətdən feyz
kəsb edə biləydim.
O, danışıqlarında Əbdülməlikin
məqamını peyğəmbərdən üstün sayaraq belə demişdi: Camaat! Sizin elçiniz sizə
əzizdir, yoxsa xəlifəniz? Peyğəmbər Allahın elçisidirsə, Əbdülməlik də Onun
xəlifəsidir. Həccac Əbdülməlikin xilafətinin sonuna qədər İraqda qaldı.
Əbdülməlikdən sonra xəlifə olan Vəlid də onu İraqda hakim olaraq saxladı.
Hicrətin 80-cı ili Həccac
Əbdürrəhman ibni Məhəmmədi ondan xoşu gəlməməsinə baxmayaraq Sistan və
Zabolstana hakim tə’yin etdi. Ona Sistana hücum etmiş Rətbili qovlaması
göstərişini verdi. Əbdürrəhman oraya gedərək qoşunu hücum edənlərin üzərinə
göndərdi və Sistanda sakitlik bərpa etdi. Onun ardınca Həccaca bir məktub yazdı
ki, biz düşməni bu ərazidən çıxarıb çoxlu sayda qənimət əldə etdik və
irəliləməyi də məsləhət görmürəm. Həccac onun sözünü qəbul etməyib ona yazır ki,
düşmənin ardınca getsin. Əbdürrəhman dəstə başçılarını bir yerə toplayıb (onlar
da Qəhtani tayfasından idilər) dedi: Mənim nəzərim budur ki, döyüşü dayandıraq,
Həccac düşmənin dalınca getməyimizi əmr edir, sizin fikriniz nədir? Onlar
qəzəblənərək dedilər: Həccac bizi düşmənin əli ilə əzmək istəyir. Bizi farslarla
döyüşə yollayır. Əgər öldürülsək bizim əlimizdən qurtaracaq. Nəhayət Əbdürrəhman
Həccacın əleyhinə qalxaraq İraqa tərəf üz tutdu. Xuzistanda hər iki qoşun
arasında döyüş baş verdi. Həccac əvvəldə məğlubiyyətə düçar oldu və Əbdürrəhman
özünü İraqa çatdıraraq Kufəni ələ keçirdi. Bəsrə şəhərinin başçılarının
əksəriyyəti onun yanına gəlib itaətə hazır olduqlarını söylədilər. Həccac Şama
mə’lumat göndərib Əbdülməlikdən yardım dilədi. Şamdan ona köməklik etmək üçün
qoşun göndərildi. Bu qoşunun gəlişi ilə Həccac yenidən döyüşə başladı. Dəyrül-cəmacim
adı ilə məşhurlaşan bu ağır döyüşdə ürəklərində Həccaca qarşı olan nifrətə
əsasən Kufə və Bəsrə camaatı, hətta Qur’an oxuyanlar ayağa qalxdılar.
Əbdürrəhmanın qoşunu o qədər çox idi ki, Əbdülməlik narahat olub nümayəndə
göndərib dedi ki, əgər İraq camaatı qəbul etsə Həccacı hakimlikdən kənarlaşdırıb
onlarla sülh bağlayaram. Həccac bu macəranı eşitdikdə xəlifəyə xəbər göndərdi ki,
əgər belə rəftar etsə iraqlılar sənə qarşı ədəbsizləşəcəklər. Buna baxmayaraq
Əbdülməlik onun sözünü eşitməyib oğlu Abdullahı İraqa yolladı ki, onun təklifini
İraq camaatına yetirsin. İraqlılar bu sazişi qəbul etməyib, hətta Əbdülməlikin
özünü xilafətdən azad etdilər (yə’ni xəlifə hesab etmədilər). Əbdülməlikin oğlu
işin bu yerə çatdığını görüb Həccaca dedi: İndi özün bilən məsləhətdir, nə
bacırırsan onu da et. Həccac döyüşə başladı. Lakin qoşunun azuqə ehtiyatı
olmadığından məğlub olacaqları ehtimal olunurdu. Sonda o, Əbdürrəhmanın
qoşunundan olan bir dəstə başçılarını aldadaraq gecə vaxtı gözlənilmədən
iraqlıların üzərinə hücuma keçib onları qaçmağa məcbur etdi. Qaçanların bir çoxu
çayda boğulub öldü, Əbdürrəhman isə çarəsizlikdən Zabula qaçaraq Rətbildən
sığınacaq istədi. (Hicri 82-ci il) Həccac Əbdürrəhmanı İraqa göndərmək üçün
Rətbili nə yolla olursa-olsun razı saldı, o, da onu İraqa göndərdi. Lakin yolda
Əbdürrəhman qaçmaq niyyəti ilə damdan tullanıb öldü və onun başını kəsib Həccaca
yolladılar.
Hicrətin 80-cı ili Məhləb ibni Əbi
Səfər Xocənd məntəqəsini fəth edərək Koş şəhərini paytaxt e’lan etdi və oranın
əhalisi ilə sülh bağladı. Bu zaman Əbdürrəhmandan məktub aldı ki, o, Həccacı
şərq bölgəsinin hakimiyyətindən çıxarıb və ona qoşulmaq üçün möhlət istəyir.
Məhləb məktubu Həccaca yolladı, özü isə Koş şəhərində qaldı.
Həccac Kufə ilə Bəsrə arasındakı
yol üzərində Vasit şəhərini saldıraraq oranı özünə mərkəz seçdi. Hər bir əmrə
tabe olan Şam ordusunu bu şəhərdə yerləşdirərək bəhanə gətirdi ki, əsgərlər
camaatı təzyiqə mə’ruz qoyurlar. Ancaq əslində o, nizam-intizama alışmış Şam
əsgərlərinin Şam camaatı ilə bir-birinə qarışmasına yol vermək istəmirdi.
Deyrül-cəmacil hadisəsindən sonra
Əli (ə)-ın dostlarından olan bir dəstə adamı, o cümlədən Kumeyl ibni Ziyadı
qətlə yetirdi. Kəndlərdən və ətraf şəhərlərdən Kufəyə axışıb gəlmiş insanlara
əhəmiyyət vermədən və e’tirazlarına qulaq asmadan öz əvvəliki yerlərinə qaytardı.
Çünki onların Kufəyə gəlişi böyük çətinliklər yaratmışdı. O, müharibənin vurduğu
ziyanları bərpa etmək üçün əkinçiləri həvəsləndirdi. Özü savadlı olduğuna görə
camaatı da dərs oxumağa vadar edirdi. Deyilənlərə görə Qur’anın hərəkə ilə
yazılması Həccacın göstərişi ilə olmuşdur, ancaq bu heç də dəqiq deyildir.
Həccac hicrətin 95-ci ilində 53 yaşında ikən öldü. Onun qəddarcasına insanları
öldürməsi, camaatı zindana salıb işgəncələr verməsi barədə çoxlu sayda
rəvayətlər yazılıb. Onun göstərişi ilə öldürülüb zindana atılanların sayını qeyd
edənlər bəlkə də bu rəqəmi şişirtmişlər. Lakin bir şey aydındır ki, o, daşürəkli,
sərt, şəriət hökmlərinə e’tinasız yanaşan rəhimsiz bir hakim olmuşdur. Özündən
yuxarıdakılar qarşısında müti və yaltaq, İraq əhalisi üçünsə layiqli hakim
sayılırdı!
Əbdülməlik nisbətən uzun sürən
xilafəti zamanı (65-85 illər. H.q) müsəlman əraziləri daxilində sakitlik
yaratmağa imkan tapdı, sonra isə xarici şəhərləri fəth etməyə başladı.
Abdullah ibni Zübeyrin öldürülməsi,
İraq daxilindəki iğtişaşın Həccacın əli ilə, Xəvaricin isə Mühəlləb ibni Səfərin
vasitəsilə yatırılması ilə o, İraq və Hicazdakı münaqişələrdən birdəfəlik
yaxasını qurtardı. Hicri tarixinin 74-cü ili isə Həssan ibni Nö’manın rəhbərliyi
altında Afrikaya qoşun göndərdi. Bundan məqsəd müsəlman ərazilərindəki daxili
münaqişələrdən sui-istifadə edərək Afrikanın bə’zi ərazilərini işğal etmiş Rum
qoşunlarını qovmaq idi. Bu qoşun ilk növbədə Qeyrovana gedib orada vəziyyəti
sabitləşdirdikdən sonra Qərtacənnə şəhərinə qədər irəlilədi. (Hic. 74 il).
Bərbər xalqı ilə ağır döyüşdən sonra onların gələcəkdən xəbər verən və
kahinliklə məşğul olan qadın hakimləri ilə üzləşdi. Həssanın qoşunu əvvəldə
kahinin hücumuna mə’ruz qalıb geri çəkilməyə məcbur oldu. Həssan bu barədə
Əbdülməlikə xəbər göndərdi. O da ona köməkçi qüvvə göndərəcəyini və’də verdi.
Həssan qoşun və maddi yardım (pul) gələnə qədər, yə’ni 5 il Bərqədə qaldı. Digər
tərəfdən isə kahin qadın bərbərilərə dedi: Bu qoşun mal-dövlət üçün hücuma keçir,
biz əgər şəhərləri viran etsək onlar məyus olub geri dönərlər. Bu səbəbdən də o,
Afrika şəhərlərini dağıdıb viran etmək əmrini verdi. Şəhərlərin viran edilib
qarət olunması səbəbindən bərbər camaatı kahinin əlindən təngə gəlmişdilər.
Yenidən başlanmış döyüş nəticəsində kahin qaçmağa məcbur oldu və sonra da
öldürüldü. Bərbər xalqı Həssandan aman istədi və o, da bir şərtlə razılaşdı ki,
onların da qoşunu müsəlmanlara qoşularaq birgə irəliləsinlər. Onlar da bu şərti
qəbul etdilər. Kahin qadının iki oğlunun başçılığı altında on iki min nəfərlik
qoşun müsəlmanlara qoşularaq Afrikda (bu günkü Tunisdə) baş verən döyüşlərdə
iştirak etdilər. Afrika (Tunis) başdan-başa fəth edildi və bərbərilərin hamısı
müsəlman oldu. Həssan 74-cü ilin Ramazan ayında Qeyrovana dönərək Əbdülməliklə
ölənə qədər orada qaldı.
Əbdülməlik Yunan sikkəsinin yerinə
müsəlman sikkəsini düzəldən ilk xəlifədir. Deyilənlərə görə o, Rum imperatoruna
yazdığı məktubların başlanğıcında “O Allah birdir” ayəsini yazarmış. Bu səbəbdən
də imperator ona məktub göndərir ki, əgər bu üslubunu tərgitməsən sizin
peyğəmbərin adını sikkələrə təhqiramiz surətdə həkk edəcəyəm. Bəlazori yazır:
Əbdülməlik bu barədə Xalid ibni Yezid ibni Müaviyə ilə məşvərət edir. O, isə
cavabında deyir: Onların dinarlarını qadağan et (yığışdır), özün sikkə
hazırlayıb Allahın da adını onun üzərinə həkk et! Əbdülməlik onun bu təklifini
qəbul etdi.
Bəlazorinin müasiri “Əl-məhasin və
Əl-məsavi” kitabının müəllifi İbarahim ibni Məhəmməd Beyhəqi isə belə yazır:
Rəşid bə’zilərindən soruşdu: İslam dünyasında ilk sikkə hazırlayan kim olub?
Əbdülməlik ibni Mərvan.
Necə?
Rum imperatoru sikkənin üzərinə
peyğəmbərin adını təhqiramiz surətdə yazacağını Əbdülməlikə bildirdikdən sonra o,
bu hadisədən çox narahat oldu. Ruh ibni Zinba’ məsələnin həllini Məhəmməd ibni
Əli (ə)-dan soruşmağı təklif etdi. Əbdülməlik Mədinədəki nümayəndəsinə yazdı ki,
iki yüz min dirhəm Məhəmməd ibni Əli (ə)-ın şəxsən özünə təqdim et, üç yüz min
dirhəm də yol xərci verib yaxın adamları ilə birgə Dəməşqə yola sal. Mədinənin
hakimi imam Baqir (ə)-ı Şama göndərdi. İmam Əbdülməlikin yanına gəlib işin nə
yerdə olduğunu öyrəndikdən sonra ona dedi ki, Rum sikkələrini qadağan edib
əvəzində müsəlmanların sikkəsini düzəlt və ondan qeyrisi ilə alver edəni isə
ölüm cəzası ilə qorxut.
Mə’lumdur ki, imam Baqir (ə)-ın və
digər peyğəmbər aiələsindən hər bir şəxsin belə bir çətinliyi həll edib düzgün
yol göstərmələri heç də təəccüb doğuran bir məsələ deyildir. Lakin tarixi və
ictimai vəziyyət baxımından belə bir fərziyyəni qəbul etmək doğru sayılmaz. Belə
bir təklifin Xalid ibni Yezid tərəfindən verilməsi heç bir şəkildə məqbul
deyildir. Beyhəqinin yazdıqları aşağıdakı səbəblər əsasında qəbul edilmir:
1.Bildiyiniz kimi, uzun illərdən
bəri Əməvi və Mərvani hakimləri Əli (ə)-ın ailəsi ilə və bütövlükdə bəni Haşimlə
düşmən idilər. Buna görə də Əbdülməlikin imam Baqir (ə)-a belə münasibət
bəsləməsi mümkün deyildir. Bilirik ki, 65-75-ci illər isə Əli (ə) şiələrinin
hərəkatı, Əməvilərin isə onlara qarşı qatı mübarizə apardıqları dövrdür.
2.Ruh ibni Zinba’ Müaviyənin oğlu
Yezidin, Mərvanın və onun övladlarının səmimi dostlarından olmuşdur. Belə bir
şəxsin imam Baqir (ə)-a rəğbət bəsləməsi çox çətin nəzərə gəlir.
3.Belə bir problemin həlli məktub
və ya qasid göndərməklə mümkün olduğu halda necə olur ki, yarım milyon dirhəm
xərcləyib imam Baqir (ə)-ı və onun yol yoldaşlarını Şama də’vət etsinlər.
4.İslam sikkələrinin hazırlanması
tarixi hicri 74-cü ilə aid edilir. Bu ildə imam Baqir (ə)-ın dəqiq bir nəzərə
görə 11 yaşı, digər məşhur bir nəzərə görə isə 18 yaşı olmuşdur. Və çox çətin ki,
Ruh ibni Zinba’ və Əbdülməlik belə bir problemin həllini o cənabdan istəmiş
olsunlar. (Əlbəttə bu münasibət Əbdülməlikin öz nöqteyi nəzərindən olmalı idi).
5.Bu günlər şiələrin imamı Əli ibni
Hüseyn (ə) idi. Adəti üzrə belə bir xahiş gərək onun özündən olunaydı.
6.Bildiyiniz kimi, imam Baqir (ə)
yalnız Hişam ibni Əbdülməlikin xilafəti dövrü Dəməşqə getmiş və bu səfərdə imam
Sadiq (ə)-da atası ilə birgə olmuşdur. Və o həzrətin Hişamın hüzurunda ox atması
hekayəsi də məşhurdur.
7.Qeyd olunur ki, guya imam Baqir (ə)
dedi: Bu sikkələrlə ticarət etməyəni ölüm qorxusu ilə hədələ. İmam Baqir (ə)-ın
zalım hakim hesab etdiyi Əbdülməlikə belə bir göstəriş verməsi mümkün deyildir.
Elə bu səbəbdəndir ki,
“Nasixut-təvarix” kitabının müəllifi problemin həlli məsələsini imam Məhəmməd
Baqir (ə)-a aid edərək yazır: Ehtimal olunur ki, Əbdülməlik bu məsələnin həllini
dördüncü imam, yə’ni Əli ibni Hüseyn (ə)-dan xahiş etmişdir. Ancaq 62-74-cü
illər arasında dördüncü imamın Şama getməsi isə mə’lum deyildir.
Xətiblərin və böyük din
xadimlərinin xilafət başçılarını nəsihət etməsinin qarşısını alan ilk xəlifə
Əbdülməlik olmuşdur. Adət üzrə moizə edənlər öz xütbələrini “Allahdan qorxun”
cümləsi ilə başlayırdılar. O, Mədinədə söylədiyi xütbə əsnasında belə dedi: Mən
nə zəlil və xar olmuş (Osmanı nəzərdə tutub), nə güzəştə gedən (Müaviyə) və nə
də ağılsız xəlifəyəm! (Yezid). Mən yalnız qılıncla bu camaatın dərdinə əlac
tapacağam! Siz ilk mühacirlərin əməllərini bilir, yadda saxlayır, lakin özünüz
onlar kimi rəftar etmirsiniz? Bizi pərhizkarlığa də’vət edir, özünüzü yaddan
çıxarırsınız. And olsun Allaha, bundan sonra məni pərhizkar olmağa də’vət
edənlərin boyununu vuracağam.
Hicrətin 84-cü ili Abdullah ibni
Əbdülməlik yay ğəzvələrinin birində Antakiyadan Məsisəyə gedərək orada qala və
məscid tikdirərək qoşunun bir hissəsini orada yerləşdirdi
VƏLİD İBNİ ƏBDÜLMƏLİK
Əbdülməlik hicri tarixinin 86-cı
ili Şəvval ayında dünyadan köçdü. Qeyd etdiyimiz kimi, Mərvan ibni Həkəm əvvəlcə
Əbdülməliki, onun ardınca isə başqa oğlu Əbdüləzizi özündən sonra canişin tə’yin
etmişdi. Əbdülməlik öz xilafəti dövründə Əbdüləzizi vəliəhdlikdən kənarlaşdırıb
onun yerinə oğlu Vəlidi vəliəhd tə’yin etmək istəyirdi, ancaq Əbdüləziz bu işə
razı deyildi. Onu Misirə vali tə’yin etdikdən sonra Əbdüləziz bu işə göz yumdu.
Əbdüləziz Əbdülməlikdən əvvəl dünyadan köçdü və ya Əbdülməlikin göstərişi ilə
onu zəhərləyib öldürdülər. Beləliklə atasının ölümündən sonra Vəlidin heç bir
rəqibi qalmamışdı.
Əbdülməlik 20 illik xilafəti dövrü
həyata keçirdiyi işlər sayəsində ictimai və siyasi durumu Vəlid üçün daha rahat
və münasib etmişdi. Vəlid ölkədəki təhlükəsizlikdən və əldə olunan külli
miqdarda gəlirdən səmərəli istifadə edərək ölkədə abadlıq işləri aparmışdı.
Özünün bu işlərə rəğbəti olduğundan ölkədə onun adı ilə bağlı olan bir çox
tikililər tikilmişdi. Buna misal olaraq islam incəsənəti və memarlığı tarixinin
ən gözəl nümunəsi olan Dəməşq şəhərində tikilmiş Əməvi məscidini, həmçinin
Suriya və İordaniyada tikilən qış və yay saraylarını misal gətirmək olar ki, bu
da öz növbəsində Vəlidin hakimiyyəti dövründə abadlıq və tikintinin böyük
əhəmiyyətə malik olduğunu yetirir. Əlbəttə üstündən 13 əsr keçməsinə baxmayaraq
bu tarixi binaların qalıqları hələ də tamaşaçıları heyrətə salıb onlarda təəccüb
hissi doğurur. Bu binaların tikilməsinə xərc olunan məbləğin külli miqdarda
olduğunu düşünənlər o dövrdə verginin, xüsusilə də yeni fəth olunmuş Rum, İran,
Bərbər, Hind ərazilərinin müsəlman olmayan əhalisindən külli miqdarda da vergi
alındığını dərk edirlər.
Vəlidin hökuməti dövrü Həccacın
nəzarəti altında, həmçinin onun ölümündən sonra da şərq torpaqlarının fəth
olunması davam edirdi. Quteybə ibni Müslim, Xarəzmi və Qərğanəni fəth edərək
Kaşğərə qədər irəlilədi, (87-96 illər h.q) həmçinin Məhəmməd ibni Qasim Sent
çökəkliyinə qədər qoşun çəkdi (91-94-cü illər h.q).
Əvvəldə qeyd etdiyimiz kimi,
Müaviyənin hakimiyyəti dövrü Uqbə ibni Nafe’ hicrətin 50-ci ili Afrikaya (Tunisə)
hakim tə’yin edilmişdi. Lakin 69-cu ildə isə Əbdülməlikin xilafəti dövrü bu
vəzifəni Həssan ibni Nö’man öz öhdəsinə götürmüşdü. Həssandan sonra isə 78-ci
ildə bu vəzifə Əbu Əbdürrəhman Musa ibni Nəsirə tapşırılmışdı.
Hicrətin 91-ci ili Musa ibni Nəsir
Andolosa (İspaniya) hücum etmək qəsdi ilə kiçik bir qoşunla bu məntəqənin cənub
nahiyəsinə girərək çoxlu miqdarda qənimət ələ keçirib geri döndü. 92-ci ildə isə
12000 nəfərlik qoşun toplayaraq fəth etmək üçün geniş hazırlıq işləri gördü. İlk
dəfə oraya öz nökəri olan Tariq ibni Ziyadın başçılığı ilə əksəriyyəti yeni
müsəlman olmuşlardan və bərbərilərdən təşkil olunmuş yeddi min nəfərlik qoşun
göndərdi. Tariq onun adına həsr olunmuş Cəbəlüt-tariq boğazından keçdi. O,
məqsədə yetişməzdən əvvəl öz qoşununa belə dedi: Camaat qaçmağa yer yoxdur! Öndə
düşmən, arxada dəniz, pənahımız Allah, sədaqət və səbr isə yardımçımızdır. Əgər
bu adada məğlub olsanız ləyaqətsiz adamların əli altında böyüyən yetimlərdən də
pis vəziyyətə düşəcəksiniz. Əldə tutduğunuz qılıncdan savayı heç bir silahınız
və düşməndən alacağınız azuqədən başqa heç bir şeyiniz olmayacaq. Vəlid ibni
Əbdülməlik sizi şücaətli olduğunuza görə seçib ki, bu adanı fəth edəsiniz. Döyüş
qızışdığı zaman isə düşmənin qoşun başçısı Lozriçin üzərinə özüm şəxsən hücum
edəcəyəm.
Tariq Andolosa daxil olaraq qələbə
xəbərini Musaya yazdı. Musa nökərinin şöhrətlənməsinə paxıllığı tutaraq göstəriş
verdi ki, o, irəliləməyib olduğu yerdə qalsın. Sonra oğlu Abdullahı Qeyrovanda
öz yerinə qoyub özü Andolosa tərəf yollandı. Lakin Tariq öz döyüşçüləri ilə
məşvərət etdikdən sonra digər şəhərləri fəth etməyi davam etdirdi.
Musa ərəb və bərbərilərdən təşkil
olunmuş böyük bir qoşunla Andolosa daxil olub bir neçə şəhəri fəth etdikdən
sonra özünü Tariqə çatdırdı. Onu tənbih edib qamçı vurduqdan sonra zindana saldı.
Tariq Vəlidə şikayət etdi. Vəlid Musaya məktub göndərib onu azad edərək əvvəlki
vəzifəsinə tə’yin etməyi əmr etdi. Musa Tariqi zindandan azad etdi və sonra hər
ikisi birlikdə İspaniyanın şimalına hücum etdilər. Vəlidin hakimiyyəti dövrü baş
vermiş hadisələrdən biri də şiələrin dördüncü imamı Əli ibni Hüseyn (ə)-ın
vəfatı olmuşdur ki, 94-və ya 95-ci hicri qəməri tarixində baş vermişdir.
SÜLEYMAN İBNİ ƏBDÜLMƏLİK
Hicrətin 96-cı ilində Vəlid öldü və
ondan sonra qardaşı Süleyman ibni Əbdülməlik xilafətə çatdı. Vəlid özündən sonra
oğlunu yerinə canişin tə’yin etmək istəyirdi və deyilənlərə görə Həccac da bu
işə razı idi. Süleyman xəlifə olduqdan sonra Həccacın yaxın qohumları vəzifədən
kənarlaşdırıldı, onun qatı düşməni olan və zindandan qaçan Yezid ibni Mühəlləbi
Kufəyə hakim tə’yin etdi. Xarəzmi fəth edən Quteybə ibni Müslim və Senti fəth
edən Məhəmməd ibni Qasimi onun göstərişi ilə qətlə yetirdilər.
Süleymanın xilafəti hicrətin 99-cu
ilinin Səfər ayına qədər davam etdi. O, əyyaşlıqla məşğul olan, dövlət işlərini
idarə etməyə etinasız yanaşan bir şəxs olmuşdur. Qeyd edilənlərə əsasən, onun
söz-söhbətinin əsas hissəsini qadın və yeyib-içmək təşkil etmişdi. Deyilənlərə
görə günlərin bir günündə əyninə gözəl paltar geyinib başına yaşıl rəngli əmmamə
qoyub güzgüdə özünə baxaraq belə dedi: Mən cavan şahzadəyəm. Kənizlərdən biri
isə belə dedi:
Əgər daimi qalsan yararlısan, ancaq
heyf ki, heç bir insan əbədi deyildir. Bildiyimə görə səndə heç bir eyib yoxdur,
yalnız bir eybin vardır, o da sənin bu dünyada müvəqqəti olmağındır. Bu
hadisədən bir həftə keçməmiş o, öldü.